Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Mənim üçün insanların sağlamlığı əsas prioritetdir"

09 iyul 2020 | 11:00

Ölkəmizdə Covid-19-un artmasını nəzərə alaraq Azərbaycan Höküməti lazımi tədbirləri davam etdirir. Hazırda respublikanın 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə son dövrdə tikilmişdir. Modul tipli beş xəstəxana artıq fəaliyyətdədir. 800 çarpayılıq yeni xəstəxana da istifadəyə verilmişdir. 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcəkdir. Daha beş modul tipli xəstəxana inşa olunacaq ki, ölkəmiz koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olsun.
  Hazırda koronavirus infeksiyasına yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil.
  Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız da nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq.
  ÜST ilə əməkdaşlıq davam edir, ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak etmişdir. Bu təşkilatla əməkdaşlıq, məsləhətləşmələr bundan sonra da davam etdiriləcəkdir.
  İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. 
  Ölkə başçısı cənab İlham Əliyev müsahibəsində bildirmişdir: “Bu dövrdə ön planda insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alır. Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik.”
  BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan olmuşdur. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.
  Cənab İlham Əliyev nitqində bir daha vurğulamışdır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsi barədəki mövqeyində hər hansı bir dəyişiklik yoxdur və ola da bilməz. Çünki ölkəmizin mövqeyi haqq-ədalət mövqeyidir. Bu mövqe tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır. Dövlətlərin özünümüdafiə hüququ var. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir.
  Respublika Prezidenti xüsusilə qeyd etmişdir: “Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik.”
  BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirmişdir.
  Buna baxmayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilmir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edib əhəmiyyətsiz etsə də, buna adekvat cavab verilməmişdir.


 

Keçidlər