Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır

27 iyun 2020 | 11:00

Ölkəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər, ordu quruculuğu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətində birinci yerdədir və ən başlıca vəzifədir. Əsgər və zabitlərimizə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Cənab Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb.
  Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcəyi nəzərdə tutulur. Hərbi qulluqçuların əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.
  Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar bu faktı təsdiq edirlər. Bu səbəbdən də, Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Ölkəmizdə güclü iqtisadiyyatın yaradılması, nəhəng neft-qaz layihələrinin icra edilməsi ordumuzu müasirləşdirmək üçün böyük məbləğdə vəsaitlər qoyulmasına imkan yaratmışdır. Cəbhə bölgəsində yaranmış vəziyyət onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı davam etdirilir. Eyni zamanda döyüş təyyarələri modernləşdirilib, ordumuzda yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotu var.
  Müdafiə Sənayesi Nazirliyi hərbi təlabatın mühüm hissəsini istehsal edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
   Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi işğalçılardan azad edilmiş və strateji yüksəkliklər ordumuzun yüksək peşəkar döyüş qabiliyyəti sayəsində alınmışdır. İndi Ermənistandan Dağlıq Qarabağa gedən yol hərbçilərimizin gözünün qabağından keçir.  
  Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Gənclərimiz bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi, müstəqilliyimizi əlimizdən alanlar və yerli satqınlar isə qəhrəman kimi qələmə verilirdi”.
  Cənab Prezident nitqində vurğulayıb ki, bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.
  Daha sonra bildirib ki, ordunun döyüş qabiliyyətinin artırılması şərtdir. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir. Münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın.
  Möhtərəm Prezdent xüsusilə qeyd edib ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur; bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. Amma burdakı antidemokratik, diktatura rejiminə qarşı, Avropa Şurası və ATƏT  səslərini çıxarmırlar.
  Cənab İlham Əliyev onu da diqqətə çatdırıb ki, Ermənistanda qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər bura 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi.

Keçidlər