Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı ardıcıl və məqsədyönlü mübarizə tədbirləri həyata keçirilir

11 iyun 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı bir sıra fikirlər səsləndirmişdir.
  Cənab Prezident bildirib ki, koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti ölkə daxilində çox böyük məsuliyyət göstərib. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. “Şəxsən mənim üçün birmənalı qaydada, tərəddüdsüz, insanların sağlamlığı həmişə birinci yerdə olubdur” deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şüurlu şəkildə, bunun iqtisadi fəallığa mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdi. Bu addımları atmaqda məqsəd insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilər də oldu, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də yüksək olur.
  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılıb. Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir.
  Cənab İlham Əliyev daha sonra qeyd edib ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı dövlətin bütün addımlarını dəstəkləyib. Aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə mənfi təsir edib, insanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıb. Məhdudiyyətlər var, eyni zamanda, yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə 20-ə yaxın yeni laboratoriyalar alınıb. Koronavirus xəstələrini müalicə etmək üçün dövlət ən qabaqcıl xəstəxanaları, o cümlədən “Yeni klinika”nı ayırıb.
  Ölkə başçısı çıxışı zamanı vurğulayıb ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikasında, bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları xəstəxanalara qəbul etmirlər. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri yoluxmuş bütün xəstələrin tibb müəssisələrinə qəbul edilməsi və onlara lazımi xidmət göstərilməsi, həkimlərin peşəkarlığı və fədakarlığıdır
  Karantin şəraitində qalan vətəndaşlar üçün də xüsusi şərait yaradılıb. İnsanlar  4-5 ulduzlu otellərə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses qrafik üzrə davam etdirilir. Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlar üçün  xüsusi portal yaradılıb. Vətəndaşlar portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəyə gətirilirlər. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb.
  Ölkəmizdə modul tipli üç xəstəxananın açılmasıyla koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atıldı. Cənab İlham Əliyevin göstərişi ilə bu xəstəxanaların sayı 10-a çatmalıdır. Bunların 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə əlavə iki min çarpayı olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək.
  Möhtərəm Prezident daha sonra bildirib ki, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır. Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir və bu istiqamətdə əlavə addımlar atılacaq.
  Pandemiyaya qarşı mübarizədə respublikamızın sənaye imkanlarından da istifadə edilir. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. Dezinfeksiya vasitələri, eyni zamanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olundu.
  Bununla bağlı cənab İlham Əliyev bildirib ki, həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artıq Azərbaycanda artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər və bu, qapalı şəraitdə mütləqdir.
  Bütövlükdə Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuş, vətəndaşlarımız məsuliyyəti dərk etmişlər.   
  Pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərib. O ölkələr ki, buna onların ehtiyacı var və dövlətimizə müraciət etmişdilər. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərilib. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib.

 

 

Keçidlər