Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür

20 may 2020 | 11:00

 Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət əhalinin ərzaqa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.

Respublikanın hər yerində olduğu kimi Ağsu rayonunda da kənd təsərrüfatının inkişafına geniş yer verilir.  Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə aparılan işlər önə çəkilməklə bu istiqamətdə aidiyyəti qurumlara xüsusi tapşırıqlar verilib.   

 Cari il Ağsu rayonunda 750 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Pambıq istehsalçıları tərəfindən “P-Aqro” MMC ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən, fermerlər lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Rayonda pambıq əkininə kifayət qədər səpin aqreqatı cəlb olunmuş və səpin işləri qısa müddətdə başa çatdırılmışdır. Artıq pambıq sahələrində çıxış alınmışdır. Bol məhsul istehsalını qarşıya vəzifə kimi qoyan torpaq mülkiyyətçiləri becərmə işlərinə hazırlaşırlar.

  Eyni zamanda baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Baramaçılığın inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı, dövlətimizin başçısının bu sahənin inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar cəmi bir aylıq zəhmət tələb edən bu gəlirli sahəyə Ağsu rayonunda da diqqəti artırıb. Cari ildə rayonda 100 kümçüyə 270 qutu ipəkqurdu paylanılıb. İstehsalçılardan yaş barama tədarükünə mayın axırı, iyunun əvvəllərində başlanılacaqdır.

   İpəkqurdunun yem bazasının  bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 196,5 min tut tingi əkilib ki, bu da yüksək məhsuldarlıq əldə edilməsinə və ipəkqurdunun sağlam bəslənilməsinə imkan verir. Artıq rayonda xeyli təcrübəli kümçü, kifayət qədər yem bazası vardır.

  Ağsu rayonunda kənd təsərrüfatı sahəsində həyata keçirilən mühüm işlər belə deməyə əsas verir ki, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın dirçəldilməsi əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artmasına çox yaxşı təsir göstərəcək və cari ildə bu sahədə bütün göstəricilər üzrə böyük nailiyyətlər əldə olunacaqdır.

Keçidlər