Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda şəhidə verilən medalın təqdimat mərasimi keçirilib

17 dekabr 2014 | 11:00

   Ağsu  rayonundan 2014-cü ilin yanvarın 8-də hərbi xidmətə  yola salınan  Padar kənd sakini Fətəlizadə Rüfət Nazim oğlu avqustun 9-da Tovuzun Əlibəyli kəndi yaxınlığında Ermənistan Respublikasının silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı döyüşlərdə şəhid olub. 
  Şəhidlər  məzarlığında  əbədiyyətə  qovuşan  vətən  fədaisi  Rüfət  Fətəlizadə  torpaqlarımızın  bütövlüyü, Azərbaycanın  müstəqilliyi  uğrunda  canından keçən 136-cı ağsuludur. 
   Gənc yaşlarında  əbədiyyətə qovuşan  bu insanlar təkcə  böyüyüb  boya-başa  çatdıqları  ailədə,  məhəllədə, kənddə, rayonda  deyil, bütün  Azərbaycanda  hər kəs üçün  əziz olan  unudulmaz   qəhrəmanlardır.  Təsadüfi deyildir ki,  ölkə  başçısı  adından  Müdafiə Nazirinin  2014-cü  il 21 noyabr  tarixli əmri ilə  Fətəlizadə Rüfət  Nazim oğlu  “Hərbi  xidmətdə fərqlənməyə  görə” 3-cü  dərəcəli medalla təltif olunub.
    Dekabrın 17-də  Ağsuda Rüfətin uyuduğu Şəhidlər məzarlığında  medalın  onun yaxınlarına  təqdim olunma  mərasimi  keçirilib.
Çiskinli payız  günündə keçirilən, yüzlərlə ağsulunun, o cümlədən  gənclərin  iştirak etdiyi  mərasimdə  şəhidin  məzarı əklil  və qərənfillərlə   bəzədilib, ruhuna dualar oxunub. 
   Medalı Müdafiə  Nazirliyi  adından  Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu  Korpusu komandirinin  tərbiyə işləri  üzrə  müavini, polkovnik  Elşad Əbilov  şəhidin  qardaşı  Əmrah  Fətəlizadəyə təqdim edib.
   Çıxışlarda  Rüfətin şücaəti, hələ yeniyetmə ikən  idmana  böyük marağı, bir sıra yarışlarda  qazandığı  uğurlar  barədə  danışılıb, bu cür  vətənpərvər  övlad  böyüdüb  yetişdirdiyi  üçün  Fətəlizadələr ailəsinə  minnətdarlıqlar edilib.
   Şəhidin atası Nazim Fətəlizadə çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısına,  Müdafiə  Nazirliyinin  rəhbərliyinə  minnətdarlığını  bildirib, mərasimə  gələnlərə  təşəkkür edib.

Keçidlər