Ağsu könüllüləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşulublar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən 27 mart 2020-ci il tarixində yaradılmış, işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini yeni növ karonovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi istiqamətində davam etdirməkdədir.
Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında, o cümlədən Ağsu rayonunda da könüllülər səfərbər olunmuş, “Böyüklərimizi qoruyaq!” devizi altında keçirilən aksiyalar çərçivəsində tənha yaşlılara, aztəminatlı və şəhid ailələrinə baş çəkilmiş, onların zəruri ehtiyaclarının qarşılanmasına, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmiş, həmçinin karonavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verilmişdir.
8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermiş, könüllülər bankın paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etmişlər. Ağsu gəncləri də qanvermə aksiyasında fərqlənmişlər.
“Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişlər.
Bundan əlavə könüllü gənclər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak etmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir. Bu mənada rayonumuzda fəaliyyət göstərən “Ağsu könüllüləri”nin işləri diqqətəlayiqdir.