Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 9 yaşayış məntəqəsinin avtomobil yollarının yenidən qurulmasına başlanılıb

10 may 2020 | 11:00

Ümumi uzunluğu 39 kilometr olan Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun Ağsu-Qaradağ hissəsi 20,3 kilometr, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozavand, Ağarx, Aratlı Curuğlu, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 kilometr təşkil edir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadığından asfalt-beton örtüyü yararsız vəziyyətə düşmüşdür.  
  Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2020-ci il tarixli,  1761 nömrəli Sərəncamına müvafiq olaraq altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış və cari ilin may ayında sözügedən avtomobil yolunun əsaslı şəkildə təmir olunmasına başlanılmışdır.
  Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən hissələrində yol yatağının, həmçinin piyada səkilərinin inşa edilməsi, kənarlarına səki daşları düzülməsi üçün hazırlıq işləri görülür. Bunun ardınca yol birləşmələri avtoqreyderlə profilə salınaraq təmir ediləcək, avtomobil yoluna  asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaqdır. 
  Bundan başqa Ağsu-Qaradağ yolunun, həmçinin 9 yaşayış məntəqəsinin giriş yollarında yenidən qurulması layihəsi çərçivəsində yeni avtobus dayanacaqları, məlumatverici lövhələr, yol nişanları və siqnal dirəkləri quraşdırılacaq, yolun üfüqi nişanlanma, yol-cizgi və yolgöstərici xətləri, piyada zolaqları çəkiləcəkdir. 
  Rayonun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla bu kəndlərin əhalisinin sosial rifah halına müsbət təsir etmiş olacaqdır.

Keçidlər