Ağsu rayonunda aztəminatlı ailələrə, ahıl və tənha yaşayan sakinlərə ərzaq yardımı paylanılması davam etdirilir
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən 350-dən çox aztəminatlı ailəyə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımı verilib.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Həmçinin, Ağsu RİH-nin rəhbərliyi tərəfindən rayon ərazisində Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərar və tövsiyələrinin yerinə yetirilməsinə, həmçinin xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə ciddi nəzarət olunur.
İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ağsu şəhərinin küçələrində, körpülərdə, parklarda, ticarət obyeklərində, bankomatlarda, ödəniş terminallarında,çoxmənzilli yaşayış binalarının giriş blokları və həyətlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.