Ağsu rayonunda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə, təmizlik və dezinfeksiya işləri davam etdirilir
Ağsu rayonunda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.
Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı profilaktik tədbirlər ciddi şəkildə həyata keçirilir. Yaradılan mobil qruplar tərəfindən Ağsu şəhərində, eləcə də kəndərdə sakinlərlə söhbətlər aparılır, əhali karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirilir. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız zərurət yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.
Ağsu şəhərinin bir sıra inzibati binalarında, çoxmənzilli yaşayış binalarının həyətlərində və giriş qapılarında, eləcə də rayonun kəndlərində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilib. Bundan başqa şəhərin bütün küçələri xüsusi avtomaşınla yululub, parklar, dayanacaqlar, ödəniş terminalları, bankomatlar, bir sıra ticarət obyektləri, sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri dezinfeksiya olunub.
Karantin rejiminə əməl edilməsi məqsədilə rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtomobillərlə səsgücləndiricidən çağırışlar edərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə səsləyirlər.
Gün ərzində aparılan reydlər zamanı karantin rejiminin tələblərini pozduqlarına görə 9 sakin cərimə edilib, bir qrup vətəndaşlara xəbərdarlıq olunub. Xəbərdarlıq edilən sakinlər polis əməkdaşlarının müşaiəti ilə evlərinə yola salınıblar.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən insanların mümkün qədər evdən çıxmaması barədə tövsiyəsinə müvafiq olaraq rayon İcra Hakimiyyəti və “Ağsu rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşların dərmanlarla ünvanlarında təmin olunması həyata keçirilir.