Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlər Ağsu rayonu ərazisində də geniş vüsət alıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə aparılan tədbirlər çərçivəsində Ağsu rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə 80 yaşayış məntəqəsində icra hakimiyyətinin, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 225 mobil qrup yaradılıb.
Bu qruplar karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılıb, fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunublar. Nəzarət qrupları təhkim olunduğu ərazi üzrə əhali arasında özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, xüsusi karantin rejiminə və gigiyenik tələblərə riyaət etmək barədə maarifləndirmə işləri aparırlar.
Bundan əlavə rayon Polis Şöbəsi tərəfindən gün ərzində mütəmadi olaraq Ağsu şəhərinin bütün ərazisində müvafiq nəqliyyat vasitələri ilə səsgücləndirici qurğu, eləcə də polis əməkdaşlarından ibarət qruplar vasitəsilə xüsusi karantin rejiminin tələblərinə tam əməl edilməsi ilə bağlı maarifləndirici çağırışlar edilir və müvafiq tövsiyələr verilir.
Koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və vaxtında qarşısının alınması istiqamətində görülmüş profilaktiki tədbirlərin davamı olaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən rayon mərkəzindəki daha 3 çoxmənzilli ictimai yaşayış binası (indiyə kimi ümumilikdə 40 bina), məcburi köçkünlərin məskunlaşdığı 5 saylı tam orta məktəbin yataqxanası, “Ləman” Kredit İttifaqının, Yanğından Mühafizə Hissəsinin, Bico, Qəşəd, Daşdəmirbəyli, Gəgəli kənd icra nümayəndəliklərinin inzibati binaları, həmin ərazilərdəki bir sıra sosial əhəmiyyətli obyektlər, mağazalar və Ağsu şəhərində bir çox fərdi yaşayış evləri dezinfeksiya olunub.
Ağsu rayonu ərazisində maarifləndirici və profilaktiki tədbirlər növbəti günlərdə də davam etdiriləcəkdir.