Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda koronavirus təhlükəsinə qarşı geniş miqyaslı işlər aparılır

24 mart 2020 | 11:00

Ağsu rayonunda koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür. Koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Ağsu Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərərgahın 24.03.2020-ci il tarixdə kecirilən yığıncağında verilmiş tapşırıq və tövsiyələri əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.

  Ağsu şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Mədəniyyət Sarayı, İdman Kompleksi, Musiqi məktəbi, Mərkəzi bazar, Avtovağzal, Mehmanxana, 6 bank-kredit təşkilatı, 2 məktəbdənkənar, 7 məktəbəqədər və 69 ümumtəhsil müəssisələri, 30 məscid, müxtəlif dövlət qurumlarına məxsus 27 inzibati bina, 3 yanacaqdoldurma məntəqəsi, 11 marşurut avtobusu, təcili yardım maşınları, bir sıra ictimai iaşə və ticarət obyektlərində bir sözlə insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işləri aparılmışdır.

  Hazırda şəhərdə 12 çoxmərtəbəli yaşayış binalarının ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərdə dezinfeksiya işləri aparılır, digər binalarda isə bu kimi tədbirlərin aparılması istiqamətində hazırlıq işləri görülür.

  Bu tədbirlərin həm də rayonun kəndlərində də həyata keçirilməsinə başlanılıb. Aparılan işlərin yüksək səviyyədə təşkili üçün rayon İcra Hakimiyyəti tərəfindən Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib. Yerlərdə görülən işlər barədə qərargaha mütəmadi olaraq məlumatlar verilir.

  Vətəndaşlara yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaları, gigiyena tələblərinə riayət etmələri tövsiyə edilir.

Keçidlər