Şriftin ölçüsü :

Saytın rəngi :

Dəm qazından qorunma, yağın təhlükəsizliyi və əmlakın icbari sığortası ilə bağlı Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirici tövsiyələri

05 mart 2020 | 11:00

                                                                    Dəm qazı təhlükəsi

Havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə qapı və pəncərələri bağlı saxlayırlar. Bu isə qaz cihazlarının istismarı zamanı tüstü bacalarının normal işləmədiyi binalarda əhali arasında dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.
  Dəm qazından zəhərlənmənin əsas səbəbləri bunlardır:
- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);
- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
- yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;
- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
- sobada və borularda çatların və nasazlıqların olması.
  Dəm qazından zəhərlənmə halı həm də yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Kimyəvi adı karbon-monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlukəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır.
  Dəm qazından zəhərlənmədən qorunmaq üçün  qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlı olması yoxlanılılmalı, yalnız bundan sonra cihaz istismara buraxılmalıdır.
  Quraşdırılan hər bir məişət qaz qızdırıcısı standarta uyğun olmalı, onların təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir. Belə ki, nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz. Havaçəkən sistem işləməli, nəfəslik aşıq olmalıdır. Hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalıdır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.  Tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm yüksəklükdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.
  Tüstü bacası normal işləmədikdə təkcə dəm qazından zəhərlənmə halı deyil, həm də yanğın baş verir. Məlumdur ki, əksər hallarda otel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfiqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə C-yə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir.
   Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.
  Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələrin baş verməməsi üçün aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:
- Yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi fövqəladə halların baş verməməsi üçün obyektlərdə və yaşayış sahələrində standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır!
- Hər bir məişət qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir!
- Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz. Qaz  cihazlarının yerinin dəyişdirilməsi, təmiri yalnız qaz təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilməlidir!
- Mənzildə adam olmayanda içəri daxil olarkən qazın sızmamasına tam əmin olmamış işığı yandırmaq, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz!
- Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir!
- Qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, uşaqlara, xəstələrə etibar edib evdən çıxmaq olmaz!
- Qaz cihazlarına qazın nəql edilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır!
- Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq  alovdan istifadə etmək olmaz. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir!
- Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq vəziyyətdə olmalıdır.  Mənzili tərk edərkən qaz cihazları mütləq söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır!
-  İşlək qaz cihazlarını nəzarətsiz qoymaq, sobaların həddindən artıq qızmasına yol vermək olmaz!
- Mətbəxdə məişət qaz sobalarının üzərinə qazan, çaydan və s. suyun səviyyəsi elə olmalıdır ki, su qaynayanda daşmasın. Belə ki, qaynayan su daşıb odluğu söndürə bilər. Bu isə qaz sızması ilə nəticələnər  və partlayış baş verər!
  Yadda saxlayın! Tüstü bacalarının təmizlənməməsi həyatınız üçün təhlükədir!

                                                                            FHN DYNX-nin Yanğına Qarşı Təbliğat Şöbəsi

 

                                                       Dəm qazından qorunmaq mümkündürmü?!

Son illər informasiya mübadiləsinin tempinin artması dünyada və o cümlədən, Respublikamızda baş verən hadisələrin haqqında məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirmişdir. Baş verən hər hansı qəza, təbii fəlakət kimi hadisələr anında ötürülür, yayılır. Bu səbəbdən də bəzən sanki bu və ya digər hadisələrin intensivləşməsi əvvəlki illərə nəzərən çox dəfə artması kimi qəbul olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin apardığı statistikalarda yanğın hadisələrinin sayının, bu hadisələrdəki insan tələfatının, dəyən maddi ziyanların uçotunda heç də göstəricilərin pisləşməsinin şahidi olmuruq. Sanki hər sahədə bədbəxt hadisələrin, arzuolunmaz halların sayının artması görüntüsü məhz internetin inkişafı, məlumatlar mübalidəsinin sürətlənməsi, cəmiyyət üzvlərinin həssaslığının artması ilə əlaqədardır.
  Narahat doğurucu hadisələrdən biri də dəm qazından zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasıdır. Bir nəfər belə Azərbaycan vətəndaşının yaxud Azərbaycan Respublikası ərazisində dəm qazından zəhərlənərək ölən əcnəbinin olması faktı özü-özlüyündə bir faciədir. Dəm qazı ən sadə başa düşüləcək dildə təbii qazın və digər yanacaq növlərinin (odun, kömür və s.) natamam yanması səbəbindən ayrılmış qarışıqlı qazın tənəffüs orqanlarına düşməsindən zəhərlənməyə və ölümə səbəb olur. Bəs tam yanmamaya səbəb nədir, ayrılan qarışıq zəhərləyici qaz kütləsi niyə yanma mənbəyindən xüsusi quraşdırılmış şaxta boru ilə kənarlaşdırıla bilmir?! Doğurdanmı, dəm qazından tam müdafiə olunmaq mümkün deyil?!
  Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhaliyə müraciət etmişdir:
  Dövlət Yanğın Nəzarəti Xidməti olaraq, birmənalı aşağıdakı tövsiyələrə əməl olunarsa, bu öldürücü qazdan qorunmaq mümkündür deyirik:
• Heç bir halda qeyri-standart işlədicilərdən istifadə olunmamalıdır;
• Standart işlədicilərin iş prinsiplərinə əməl olunmalı, onların funksional quruluşuna müdaxilə edilməməlidir;
• Hər hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış müəssisəyə, professional ustaya müraciət olunmalıdır;
• Su qızdırıcıları - binaların qızdırılması üçün istifadə olunan Rusiya, İran, Avropa istehsalı olan, xalq arasında “pyatiminutka”, “kolonka”, “kombi”, “ariston” və sairə kimi adlandırılan hər bir qızdırıcı aparatın qazla təminatı sertifikata uyğun boru ilə təmin olunmalı, yanmış qazların çıxışı sərbəst, standart, tələb olunan ölçülərə müvafiq qaydada qurulmalı - montaj olunmalıdır;
• İşlənmiş qazların kənarlaşdırılması üçün nəzərdə tutulan şaxta - baca sistemləri mütəmadi qaydada qurum, kənar predmet və sairdən təmizlənməlidir, axarlılığı tutacaq kənar əşya, hər hansı səbəb yolverilməzdir;
• Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması yolverilməzdir! Əgər bu vacib tələbi pozmusunuzsa, əməl edə bilməmisinizsə, duş olan otaqda hökmən nəfəslik - kiçik ölçülü pəncərə, otağın qapısında isə kiçik diametrli dəliklər olmalıdır. Nəfəslik vardır və qapalıdırsa, bunun Sizin təhlükəsiz duş qəbulunuza faydası olmayacaq, nəfəslik açıq olmalıdır ki, dəm qazı ayrılması varsa, o qazlar hermetik qapalı mühitdə çox toplanıb ölüm gətirəcək həddə çata bilməsin, nəfəslik açıq olmalıdır;
• Fərdi qaydada su qızdırıcısı ilə təmin olunan ev və mənzillərdə şəxsin evdə tək olması zamanı duş qəbul etməsi tövsiyə olunmur, çünki, dəm qazından zəhərlənmə baş verəcəyi halda zərərçəkənin xilas olması üçün kənar şəxsin və ya şəxslərin köməyi zəruridir. Daha konkret desək, evdə, mənzildə təksinizsə, duş qəbulundan vaz keçin, bunu evdə kiminsə olacağı vaxta salın;
• Evdə iki nəfərsinizsə, birinin duş qəbuluna ikincinin köməyi qaçılmazdırsa, hər ikisinin eyni vaxtda duş qəbulu otağında olması da yolverilməz hal hesab olunur, belə situasiyalarda da duşdan kənar şəxsin olması və onun duş otağındakıların halına nəzarət etməsi vacibdir.
• Tövsiyələrimiz qəribə səslənsə də çoxillik fəaliyyətimizdə və təcrübəmizdə təəssüf ki, çox sayda belə bədbəxt hadisələrin şahidi olmuşuq və bu tövsiyələrə əməl etməmənin həyatlar bahasına başa gəlməsi halları yetərincə baş vermişdir;
• Evində fərdi qaydada su qızdırıcısı sistemindən istifadə edən varsa, evdəkilər tərəfindən mütəmadi olaraq duş qəbul edənin – suyun yox, məhz duş qəbul edənin səsini eşitməklə onun vəziyyətinin yoxlanılması vacibdir. Dəm qazından zəhərlənən meyxoşcasına huşunu itirir, duş əvvəlki qaydada axan suya xas olan səsi verməklə axmaqda davam edir, zərərçəkən daha çox bu mühitdə öldürücü qazla tənəffüs edir, qanda zəhərli maddələrin miqdarı artır, krizis güclənir, təəssüflər olsun ki, ölüm hadisəsi baş verir. Zəhərlənmənin ilk anlarında  hadisənin aşkarlanması, zərərçəkənin dərhal təmiz havaya çıxarılması və vəziyyətindən asılı olaraq ilkin tədbirlərin görülməsi zamanı təhlükə aradan qaldırıla bilir;
• Heç bir halda mətbəx qaz plitə - sobalarından mənzilin qızdırılması üçün istifadə etməyin;
• Qaz plitələrini nəzarətsiz qoymayın, üstündəki qaynayana kimi, çimim çıxım, yaxud çörək alım gəlim deyə işlək halda qaz plitəsini buraxıb mətbəxi tərk etməyin;
• Mətbəx qaz plitələrinin üstündəki hava sorucu (aspirator) sistemin müstəsna əhəmiyyəti olduğunu unutmayın, hər zaman plitəni alışdırırsınızsa hava sorucunu da dərhal qoşun! Bu sizi həm qoxudan, həm ayrılan buxarlardan, ən vacibi həm də ayrılan zəhərli maddələrdən – dəm qazı tərkibli ayrıntılardan qoruyur!
  Hörmətli sakinlər! Qazla, elektriklə, odla ehtiyatlı olun, məişətimizin və sivilizasiyamızın ayrılmaz tərkib hissəsinə çevrilmiş olan bu enerji daşıyıcıları onlarla düzgün rəftar etmədikdə qatilə çevrilir, amansızlıqla öldürə bilir.

                          Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti

 

                                         Zibilxanaların, kol-kosun yandırılmasının qarşısı alınmalıdır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hardasa zibilliklərin, kol-kosun yanması ilə bağlı hər gün məlumat daxil olur. Yaşayış evlərində, iri ticarət müəssisələrində, zavodlarda və digər böyük obyektlərdə baş verən yanğınlar insanları həyəcanlandırdığı halda,  zibilliklərin, kol-kosun yanması çoxlarına əhəmiyyətsiz görünür.
Əslində isə hər bir yanğın fövqəladə hadisədir. Yanğının böyüyü, kiçiyi yoxdur. Çünki çox vaxt böyük yanğınlar kiçik yanğınlardan törəyir. Əgər yol kənarında kol-kos  yanaraq meşəyə keçirsə və yüzlərlə hektar meşə sahəsi məhv olursa, yaxud biçilmiş, məhsulu yığılmış taxıl sahəsi yandırılırsa və bu yanğın ot tayasına, evə keçirsə və ekologiyaya ziyan dəyirsə, buna əhəmiyyətsiz yanğın demək olmaz.
Fövqəladə Hallar Nazirliyində “112” qaynar xəttinə daxil olan hər bir məlumata, o cümlədən yanğın hadisəsinə fövqəladə hadisə kimi çox önəm verilir. Yanğın haqqında məlumat daxıl olan kimi dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin hadisəyə ən yaxın məsafədə yerləşən yanğın hissəsi məlumatlandırılır. Həyəcan siqnalını hər saniyə hazır vəziyyətdə gözləyən əməkdaşlar heç bir dəqiqə keçməmiş hadisə yerinə yollanırlar. Yanğının həcmi kiçik olsa da vaxt itirilir, əmək, yanacaq sərf olunur, dövlət vəsaiti xərclənir. Biz hələ hər yanğından sonra yanğın avtomobilinin yenidən su ilə doldurulmasını, yuyulub təmizlənməsini, yanğın şlanqlarının qurudulmasına sərf olunan yanğınsöndürən əməyini demirik. Axı onlar bu enerjini, əməyi  insanların səhlənkarlığı, bəzən də qəsdən yandırdığı zibilliklərin, qurumuş kol-kosun, biçilmiş taxıl sahələrinin söndürülməsinə deyil, digər baş verən yanğınların söndürülməsinə sərf edə bilərlər.
Göründüyü kimi məişət tullantılarının, qurumuş kol-kosun, biçilmiş taxıl sahələrinin yandırılması yolverilməzdir və bu kimi yanğınlar ya onun törədəcəyi fəsadları bilməməzlikdən, yaxud da bilərəkdən törədilir.
Əkin sahələrinin yandırılması, həmçinin nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirir. Həmçinin, əkin sahələrinin, qurumuş kol-kosun yandırılması yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olur. O cümlədən mazut gölməçələrinin də yandırılması ekologiyanın çirklənməsinə, insanların sağlamlığına təsir edir. Odur ki, əhali və yerli özünüidarəetmə orqanları arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işlərinin aparılmalı, bu cür yanğınların qarşısı alınmalıdır.

                                                                                   FHN DYNX Yanğına Qarşı Təbliğat Şöbəsi

 

                                                  Bina və qurğuların ildirımdan mühafizəsi

İldırım təbiət hadisəsi olsa da bəzən yanğın və partlayışlara, çox böyük fəlakətlərə səbəb olur. Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat mövcuddur. Bu təlimat binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi, tikintisi, istismarı, həmçinin yenidən qurulması zamanı istifadə üçün nəzərdə tutulub.
Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat idarə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün növlərdə olan binalara, qurğulara və sənaye kommunikasiyalarına şamil edilir.
Hər hansı bir sahə üzrə normativ sənədlərin tələbləri bu metodik göstərişın tələblərindən daha sərt olduğu halda ildırımdan mühafizənin işlənməsi (layihələndirilməsi) zamanı sahə normativinin tələblərini yerinə yetirmək tələb olunur. Mühafizə olunacaq obyektin texnoloji xüsusiyyətləri ilə ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimatın tələblərini uyğunlaşdırmaq mümkün olmadıqda da eyni ilə hərəkət etmək lazımdır. Bu zaman istifadə olunan ildırımdan mühafizə vasitələri və üsulları tələb olunan etibarlılığı təmin etməlidir. Binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi zamanı təlimatın tələblərindən başqa əlavə olaraq ildırımdan mühafizənin yerinə yetirilməsinə qüvvədə olan digər normalar, qaydalar, təlimatlar və dövlət standartları nəzərə alınmalıdır.
İldırımdan mühafizənin normalaşdırılması zamanı ilkin müddəa olaraq qəbul olunmuşdur ki, onun istənilən qurğusu ildırımın inkişafının qarşısını ala bilməz. İldırımdan mühafizənin seçilməsi zamanı normativlərdən istifadə ildırım zərbəsindən dəyə biləcək ziyanların riskini kifayət qədər azaldır. İldırımdan mühafizə qurğusunun tipi və yerləşdirilməsi yeni obyektin layihələndirilmə mərhələsində seçilir ki, onun elektrik keçirici elementlərindən maksimum istifadə etmək mümkün olsun. Bu ildırımdan mühafizə qurğusunun işlənməsini və yerinə yetirilməsini asanlaşdırar, binanın estetik görüntüsünü yaxşılaşdıırar, ildırımdan mühafizənin effektliyini yüksəldər, onun qiymətini və əmək sərfini azaldar.
Yerə olan ildırım zərbəsi – ildırım buludu ilə yer arasında atmosfer mənşəli bir, yaxud bir neçə cərəyan impulsundan ibarət olan elektrik boşalmasıdır.
Zərbə nöqtəsi–ildırımın yer, bina yaxud ildırımdan mühafizə qurğusu ilə birləşmə və ya toxunma nöqtəsidir.
Mühafizə olunan obyekt–bu normativin tələblərinə cavab verən ildırımdan mühafizəsi yerinə yetirilmiş bina, yaxud qurğu, onların hissələri və ya əhatə sahələridir.
İldırımdan mühafizə qurğusu–bina, yaxud qurğunu ildırımın təsirindən (vurmasından) mühafizə etməyə imkan verən sistemdir. O, mühafizənin daxili və xarici qurğularını özündə birləşdirir. Birbaşa ildırım zərbəsindən mühafizə qurğusu (ildırımötürücülər) – ildırımqəbuledicilərdən, cərəyanötürücülərdən və yerbirləşdiricilərdən ibarət olan kompleksdir.
İldırımın ikinci təsirindən mühafizə ildırımın elektrik və maqnit sahələrinin təsirini məhdudlaşdıran qurğu vasitəsilə həyata keçirilir.
İldırımqəbuledici – ildırımı tutmaq, cəlb etmək üçün olan hissə, ildırımötürücüsünün bir hissəsidir.
Cərəyanötürücü (cərəyankecirici) – ildırım cərəyanını ildırım qəbuledicidən yerləbirləşdiriciyə ötürmək üçün olan hissə, ildırımötürücüsünün bir hissəsidir.
Yerləbirləşdirici qurğu - yerləbirləşdiricilərlə yerləbirləşdirici keçiricilərin birliyidir, cəmidir.
Təhlükəsiz məsafə–mühafizə olunan obyektin daxilində, yaxud xaricində olan iki keçirici arasında təhlükəli qığılcımlanma yaranması mümkün olmayan minimal məsafəyə deyilir.
İfrat gərginlikdən mühafizə qurğusu–mühafizə olunan obyektin elementləri arasında ifrat gərginliyin məhdudlaşdırılması üçün olan qurğudur.
Tək dayanan ildırımötürücü–ildırımqəbuledici və cərəyanötürücü hissələri vasitəsilə axan ildırım cərəyanın axma yolu ilə heç bir əlaqəsi olmayan mühafizə olunan obyektin ildırımötürücüsüdür.
Mühafizə olunan obyekt üzərində quraşdırılmış ildırımötürücü–ildırımqəbuledici və cərəyanötürücü hissələrdən axan cərəyanın bir hissəsinin mühafizə olunan obyektlə, yaxud onun yerləbirləşdiricisi ilə axması mümkün olan ildırımötürücüdür.
İldırımötürücünün mühafizə zonası–elə bir sahədir ki, obyekt bütövlükdə bu sahədə yerləşdikdə oraya ildırım zərbələrinin ehtimalı verilmiş (nəzərdə tutulmuş) qiymətdən çox olmasın.
Mühafizə zonasını ötüb keçən ildırım zərbələrinin yol verilən ehtimalı–ildırımötürücü ilə mühafizə olunan obyektə ola biləcək ildırım zərbələrinin yol verilən ehtimalnın son həddidir.
Obyektlərin təsnifatı obyektin özünün və onun ətrafının ildırım zərbəsinə məruz qalma təhlükəsi üzrə təyin edilir. İldırımın bilavasitə təhlükəli təsiri–bu yanğınlar, mexaniki zədələnmələr, insanların və heyvanların travmaları, həmçinin elektrik və elektron avadanlıqlarının zədələnməsidir. İldırım zərbəsinin nəticəsi olaraq partlayışların olması və təhlükəli maddələrin–radioaktiv və zəhərli kimyəvi maddələrin, həmçinin bakteriyaların və virusların ayrılması ola bilər. İldırım zərbəsi xüsusilə informasiya sistemləri, idarəetmə, nəzarət və elektrik təchizatı sistemləri üçün təhlükəli ola bilər. Müxtəlif təyinatlı obyektlərdə quraşdırılan elektron qurğuları üçün xüsusi mühafizə tələb olunur.
İldırım cərəyanının parametrləri onun mexaniki və termiki təsirlərini hesablamaq, həmçinin elektromaqnit təsirindən mühafizə vasitələrini normallaşdırmaq üçün lazımdır.
İldırımdan mühafizənin hər bir səviyyəsi üçün ildırım cərəyanı parametirlərinin verilən hədd qiymətləri təyin edilir. Bu təlimatda verilən məlumatlar ildırımlı buluddan yerə və yerdən ildırımlı buluda doğru inkişaf edən ildırım boşalmalarına aiddir.
İldırım boşalmalarının qütblüyü (mənfi yaxud müsbət) coğrafi məkandan asılıdır. Yerli məlumatlar olmadığı halda boşalmaların 10%-nin müsbət cərəyanlı, 90%-nin isə mənfi cərəyanlı boşalma olmasını qəbul etmək olar.
İldırımın mexaniki və termiki təsiri cərəyanın pik qiyməti, tam elektriki yükü, impulsun elektrik yükü və xüsusi enerjisi ilə əlaqədardır. Bu parametrlərin ən böyük qiymətləri müsbət qütblü ildırım boşalmalarında müşahidə olunur. İndiksiyalanmış ifrat gərginlik təsirindən baş verən zədələnmələr ildırım cərəyanı impulsu cəbhəsinin dikliyi ilə əlaqədardır. Bu parametriin ən böyük qiyməti mənfi qütblü ildırım boşalmalarının sonrakı, yəni birncidən sonra gələn ildırım boşalmaları impulslarında müşahidə olunur.
Mexaniki və texniki təsirlərdən başqa ildırım cərəyanı güclü impuls elektromaqnit şüalanması yaradır ki, o, rabitə, idarəetmə, avtomatika, hesablama və informasiya qurğuları və s. avadanlıqlar sisteminin zədələnməsinə səbəb ola bilər. Bu mürəkkəb sistemlər bir çox istehsal və biznes sahələrində istifadə olunur. Bunların ildırım zərbəsi nəticəsində zədələnməsi həm təhlükəsizlik baxımından, həm də iqtisadi baxımdan olduqca arzu olunmazdır.
İldırım zərbəsi vahid bir cərəyan impulsundan, yaxud bir-birindən müəyyən zaman vahidi qədər aralı olan və ardıcıl gələn bir neçə cərəyan impulsundan ibarət ola bilər ki, bu impulslararası müddətdə ildırım kanalından zəif müşayətedici cərəyan axır.
Xarici ildırımdan mühafizə sistemi mühafizə olunacaq qurğudan həm izolyasiya oluna bilər (tək dayanan ildırımötürücü-çubuqvari yaxud trosşəkilli, həmçinin təbii ildırımötürücü funksiyasını yerinə yetirən qonşu qurğu), həm də mühafizə olunan qurğunun üzərində quraşdırıla bilər və eləcə də onun bir hissəsi ola bilər. Daxili ildırımdan mühafizə qurğusu ildırım cərəyanının elektromaqnit təsirini məhdudlaşdırmaq və mühafizə olunan qurğunun daxilində qığılcımlanmanı (qığılcım boşalmasını) aradan qaldırmaq üçündür. İdırımqəbulediciyə ildırım zərbəsi zamanı ildırımın cərəyanı cərəyanötürücü sistem (keçirici endiricilərlə) vasitəsilə yerləbirləşdiriciyə ötürülür və yerə axır.
İldırımqəbuledicilər xüsusi, yaxud obyektin üzərində quraşdırıla bilər və yaxud onların funksiyasını mühafizə olunan obyektin konstruktiv elementləri yerinə yetirir, son halda onlar təbii ildırımqəbuledicilər adlanırlar.

                                                                               FHN DYNX-nin Yanğına Qarşı Təbliğat Şöbəsi

 

                     Yaşayış evlərinin həyətlərində yanğın avtomobillərinə maneə olmamalıdır            

Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə yanğınlar ən çox yaşayış evlərində baş verir. Bu da havaların soyuması, istilik enerjisinə tələbatla əlaqədar mənzillərdə qaz və elektrik cihazlarından daha çox istifadə edilməklə bərabər, qapı-pəncərələrin bağlı olması səbəbi ilə əlaqədardır.
Təbii ki, yanğın baş verdikdə ilk növbədə yanğından mühafizə xidmətinə məlumat verilir və hadisə yerinə yanğın avtomobilləri cəlb olunur. Bu texnikanın yanğının mənbəyinə yaxınlaşması üçün yaşayış məntəqələrində yanğın keçidləri inşa olunmuşdur.
Yanğınların söndürülməsində əsas vasitə yanğınsöndürmə avtomobilləri hesab edilir. Bu texnikanın yanğının mənbəyinə yaxınlaşması üçün yaşayış məntəqələrində yanğın keçidləri inşa olunur. Yanğın keçidi xüsusi texnikanın yanğının söndürülməsi üçün maneəsiz, qısa müddət ərzində yanğın yerinə yaxınlaşmasına imkan verən iki tərəfi açıq olan yoldur. İlk növbədə yanğın keçidinin hər iki tərəfi açıq olmalıdır. Ümumiyyətlə, obyektlərdə yanğın keçidlərinin parametrləri ilə bağlı irəli sürülən tələblər 2.6-1 “Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda əksini tapmışdır. Hər hansı bir texniki normalar haqqında danışmazdan əvvəl, diqqətimizi yanğın keçidləri və ona bitişik olan ərazilərin istifadəsi ilə bağlı olan ümumi tövsiyə və məhdudiyyətlərə yönəldək.
İlk öncə bu faktı qeyd etməliyik ki, binaların həyətlərində çox vaxt avtomobillərin park edilməsinə yerlər təyin olunur. Bu gün nəqliyyat vasitələrinin sayı hədsiz çoxdur, onların sahibləri ilk gördükləri boş yerdə avtomobillərini bir gecəlik və ya bir neçə günlük saxlamaqdan çəkinmir, lakin bu zaman nəzərə almırlar ki, həmin bu yer yanğın keçidinin bir hissəsi ola bilər.
Yanğın keçidləri ilə bağlı texniki tələblər mövcuddur. Bu tələbə əsasən yanğın keçidinin eni birbaşa onun yanında mövcud olan binaların mərtəbəliyindən asılı olmaqla 3,5 metrdən az nəzərdə tutulmamalıdır. Burada sadə prinsip mövcuddur - bina nə qədər yüksək olarsa, keçidin eni bir o qədər enli olmalıdır. Bu amilin çox sadə izahı vardır. Belə ki, 15-ci mərtəbədə baş vermiş yanğının söndürülməsi üçün çox güclü texnikanın mövcudluğu zəruridir. Yanğın avtomobillərinin gücü isə bilavasitə onların qabaritlərindən asılıdır, yanğının söndürülməsində istifadə olunacaq yanğın texnikasının texniki imkanları binanın ölçülərinə uyğun olmalıdır. Yanğın texnikasının yaşayış və ictimai binalara, o cümlədən onlara bitişik tikililərə yanaşması və yanğınsöndürənlərin avtonərdivanlardan və ya avtoqaldırıcılardan hər hansı bir mənzilə və ya otağa keçə bilmək imkanı təmin edilməlidir. Bu qayda yanğın keçidlərinin yalnız eninə deyil, hündürlüyünə də şamil olunur. Yanğın keçidinin hündürlüyü 4,25 metrdən az olmamalıdır.
Bir qayda olaraq, nəqliyyat keçidlərinin kənarından mərtəbəliyi 2-10 olan binalaradək məsafə 5-8 metr, 11 və daha çox mərtəbəli binalaradək isə 8-10 metr qəbul edilməlidir. Bu zonada hasar çəkilməsinə, hava elektrik ötürücü xətlərinin yerləşdirilməsinə və ağacların sıra ilə əkilməsinə yol verilmir.
Binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün yararlı, maşınlardan yer örtüyünə və torpağa düşə bilən yük nəzərə alınmaqla eni 6 m olan zolaqlar nəzərdə tutulmalıdır.
Təəssüf ki, bəzən sakinlər binalarin giriş yolunu kənar maşınların daxil olmaması üçün dirək basdırmaqla məhdudlaşdıraraq, həm də yanğınsöndürən avtomobillərin maneəsiz hərəkətinə əngəl törədirlər. Unutmaq olmaz ki, yanğının söndürülməsi üçün hər saniyə qiymətlidir.

                                            Elnur Babayev, DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi

 

                                                   İcbari sığorta - dəymiş zərəri aradan qaldırır!

Bəşəriyyət yarandığı gündən insanlar bir çox təbii fəlakətlər, yanğın, zəlzələ və digər təbii və texnogen hadisələrlə rastlaşmışlar. Heç şübhəsiz, kainatda baş verən bu cür gözlənilməz hadisələr bir sıra ağır fəsadlar törətmiş, dağıntılara və tələfatlara səbəb olmuşdur. Bütün bunlar isə mülkiyyət hüququndan asılı olmayaraq insanlara külli miqdarda ziyan vurmuşdur. Hətta elm və texnikanın ildən-ilə inkişaf etdiyi müasir dövrdə belə təbii fəlakətlərin, gözlənilməz hadisələrin dövlətin və insanların əmlakına vurduğu ziyandan, ağır nəticələrdən qaçmaq mümkün deyil. Amma dəymiş ziyanı aradan qaldırmaq mümkündür və bu funksiyanı iqtisadi qurum kimi sığorta təşkilatları həyata keçirir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri də təbii fəlakətlərdən, yanğından, zəlzələdən və digər gözlənilməz hadisələrdən dəyən zərərin ödənilməsinə sığorta təminatı yaratmaq məqsədilə əhaliyə xidmət göstərir və bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizin dinamik inkişafı, həyata keçirilən sosial-iqtisadi islahatlar digər sahələrdə olduğu kimi, sığorta sahəsində də qanunvericilik bazasının möhkəmləndirilməsini təmin etmiş, bu sahədə bir çox qanunlar, o cümlədən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə   Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.
Sığorta - şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Məlum həqiqətdir ki, bütün dünyada olduğu kimi ölkəmizdə də yanğın hadisəsi baş verir. Təbii ki,  bu halda əmlak sahibi həm maddi, həm də mənəvi cəhətdən ziyan çəkir. “İcbari sığortalar haqqında” qanunun əsas məqsədi yanğın və digər hadisələr nəticəsində əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərinin qorunmasından və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir.
Əlbəttə, sığorta diqqətsizliyimiz nəticəsində baş verəcək hadisələrin qarşısını ala bilməz. Nə də ki, mənəvi cəhətdən bizə dəymiş olan yaralarımızı sağalda bilməz. Lakin bu bədbəxt hadisə nəticəsində dəymiş olan zərəri heç olmasa maddi cəhətdən təmin etmiş olur. Daha doğrusu, sığorta hər hansı gözlənilməz hadisə və ya qəzadan zərərçəkən insanların vəziyyətini bərpa etmək, zərəri aradan qaldırmaq üçün vasitədir.
Yanğın, eləcə də ildırım düşməsi, partlayış və ya bunlarla əlaqədar əmələ gələn tüstü, buxar və ya istilik nəticəsində sığorta olunanın əmlakına, habelə üçüncü şəxslərin əmlakına və sağlamlığına zərərin vurulması sığorta hadisəsi sayılır. “İcbari sığortalar haqqında” qanun sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin həm də yanğından icbari qaydada sığortalanmasını təmin edir. İllik sığorta haqqı obyektin qiymətindən asılı olaraq müəyyən olunur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, qanunvericiliklə icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmur.
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:
-elektrik və qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticəsi;
-qaz partlayışı;
-elektrik naqillərində baş verən qısaqapanma;
-su, istilik, kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
-hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
-yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
-təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
-üçüncü şəxslərin hərəkətləri.
Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:
-sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
-sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
-hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
-qrunt sularının səviyyəsinin dəyişməsi;
-suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.
Mülkiyyətində “İcbari sığortalar haqqında” Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.
Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.
Sığorta müqaviləsi sığortalının yazılı ərizəsi və əmlakın dəyəri göstərilməklə sığorta olunmaq üçün təqdim edilən əmlakın siyahısı əsasında sığortaçının nümayəndəsi tərəfindən sığorta olunanın iştirakı ilə sığorta obyektinə baxılmaqla bağlanılır.
Sığortalının əmlakı tam dəyəri ilə sığortaya cəlb edilir. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.
İcbari sığorta müqaviləsinin bağlanmamasına görə “İnzibati Xətalar Məcəlləsi”ndə mülki məsuliyyət nəzərdə tutulub. “İnzibati Xətalar Məcəlləsi”nin  469.1 madəsində qeyd olunub ki, icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər səksən manat miqdarında, hüquqi şəxslər isə iki yüz manat miqdarında cərimə edilir.
“İcbari sığortalar haqqında” qanunun 75-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin  icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
Yeri gəlmişkən deyək ki, inkişaf etmiş ölkələrdə sığortaya maraq çoxdur. Çünki həmin ölkələrdə söğorta bazarı uzun illər ərzində formalaşaraq mükəmməl sistemə çevrilib və hamı bu sistemin üstünlüklərini bilir, yeri gəldikdə ondan bəhrələnir. Lakin etiraf edək ki, respublikamızda sığortanın mahiyyəti, əhəmiyyəti hələ də lazımı səviyyədə bəzi insanlar tərəfindən dəyərləndirilmir. Gərək hər kəs bilsin ki, əgər sığorta hadisəsi baş verərsə, əmlakına dəyən ziyanı təkbaşına aradan qaldırmalı, xərclərin hamısını öz üzərinə götürməli olmayacaq, sığorta müqaviləsi bağladığı şirkət ona maddi dəstək verəcək və maliyyə riski ilə üzləşsə, heç də hər şeyi itirməyəcək.

                                                                                                        Dövət Yanğın Nəzarəti Xidməti
                                                                   

Keçidlər