Ağarx kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev fevralın 20-də rayonun Bozavand kənd inzibati ərazi dairəsinə daxil olan Ağarx kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Ağarx kənd sakinləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı belə qəbulların mütəmadi olaraq keçirildiyini, Prezident cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının daim diqqət mərkəzində saxlanıldığını bildirib. Vurğulayıb ki, dünyada baş verən iqtisadi, siyasi hadisələr ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərməyib. 2019-2023-cü illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının ötən ildə regionlarda, eləcə də rayonumuzda uğurla davam etdirilməsi bunun bariz nümunəsidir.
RİH başçısı Dövlət Proqramına uyğun olaraq şəhər 4 saylı tam orta məktəbin binasının əsaslı təmir olunmasının, Ülgüc kəndində 96 şagird yerlik və Xanbulaq kəndində 40 şagird yerlik modul tipli məktəb binalarının inşasının, əlavə olaraq ölkə başçısı cənab İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi və 10 yanvar 2020-ci il tarixli Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun çəkilməsinə 17,4 milyon manat vəsait ayrılması barədə verilmiş Sərəncamlarının rayonumuza olan diqqətin təzahürü olduğunu bildirib.
Sonra vətəndaşlar tərəfindən 1964-cü ildə çəkilmiş elektrik verilişi xətlərinin yenisi ilə əvəz olunmasına, əvvəllər fəaliyyət göstərmiş uşaq bağçasının bərpasına və kənd yollarının təmirinə kömək göstərilməsi barədə təkliflər səsləndirilib.
Sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılaraq qaldırılan təkliflərin tez bir zamanda həlli ilə əlaqədar RİH başçısı tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.