Ağsuda kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir
Ağsu şəhərindən cənub-qərbdə yerləşən Cavanşır su anbarı Ağsuçaydan qidalanır. 1961-cu ilə qədər təbii göl kimi mövcud olan Cavanşır gölünün ətrafına torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. İstismara verilərkən bəndin hündürlüyü 15 m, uzunluğu 2680 m və su anbarının həcmi isə 4.6 milyon m3 olub.
Hal-hazırda Cavanşir su anbarı rayonun 9 kəndi üzrə 3200 hektar ərazisini suvarma suyu ilə təmin edir. Ümumilikdə 75 hektar ərazini əhatə edən su anbarı xeyli lillənib və tutumu xeyli azalaraq 3 milyon kubmetrdən aşağı düşüb.
Su ehtiyatlarının qıtlığı Ağsu rayonunda yaranışından yaşanan problem olub, quru iqlimə malik zonada yerləşdiyinə görə burada kənd təsərrüfatının inkişafı süni suvarma aparılmadan mümkün olmayıb. Ötən illərdə mərhələlərlə Yuxarı Şirvan Kanalının, Yuxarı Şirvan Kanalının Maşın qolu kanalının, Nasos Stansiyasının, hidrotexniki qurğuların istismara verilməsi və digər zəruru tədbirlər nəticəsində bu problem qismən də olsa həllini tapmışdır.
Cari ilin isti və quraq keçən yay aylarında Cavanşir su anbarının suyu tükənərək demək olar ki, qurumuşdu. Hazırda anbarın doldurulması istiqamətində tədbirlər görülür.
Cavanşir su anbarı Ağsu çayından Ömər-Lahıc adlanan kanal vasitəsilə doldurulur. Son vaxtlar havaların yağmurlu keçməsi çayda güclü su axınına səbəb olub. Buradan axıdılan su artıq anbarda xeyli ehtiyatın yaranması ilə nəticələnib. Artıq anbara 2,5 milyon kubmetrədək su yığılıb. Cavanşir su anbarının tamamilə doldurulması istiqamətində işlər davam etdirilir.