Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rüfət Fətəlizadənin xatirəsi ehtiramla yad olunub

17 fevral 2020 | 11:00

Ağsu rayonunun Padar kəndindən olan şəhid Rüfət Fətəlizadənin doğum günü uyuduğu rayon mərkəzindəki Şəhidlər məzarlığında ehtiramla yad olunub. Yaşasaydı, bu gün 25 yaşı tamam olardı... Rüfət Fətəlizadə 1995-ci il fevralın 17-də dünyaya göz açıb, 2014-cü ilin avqustunda erməni qəsbkarlarına qarşı döyüşlərdə qəhrəmancasına şəhid olub.
   Şəhərdəki  şəhidlərin uyuduğu qəbiristanlıqda keçirilən anım mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Əliyev və şöbənin əməkdaşları, kənd sakinləri, şəhidin yaxınları, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Mərasimdə çıxış edənlər şəhidin qısa ömür yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Bildirilib ki, Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılan Rüfət Fətəlizadə 8 ay sonra 2014-cü ilin avqustunda cəbhənin Tovuz rayonu istiqamətindəki Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib. Padar kəndində şəhidin barelyefi qoyulub, adına bulaq çəkilib.
  Torpaqlarımızın işğalından, erməni vəhşiliklərindən danışan natiqlər, bu gün regionun ən güclü silahlı qüvvəsi olan Azərbaycan Ordusunun düşmənə hər an layiqli cavab verməyə hazır olduğunu bildirib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad ediləcəyini, şəhidlərimizin qanının yerdə qalmayacağını söyləyiblər.
  Mərasimdə şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə çiçəklər düzülüb.
  Sonra iştirakçılar Padar kəndində Rüfət Fətəlizadənin yaşadığı evə gələrək, onun ev-muzeyi ilə tanış olublar.

Keçidlər