Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilib

30 yanvar 2020 | 11:00

30 yanvar 2020-ci il tarixdə rayon Mədəniyyət sarayında hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinın və 250 nəfər şəhər sakininin iştirakı ilə Ağsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev iştirak edib. 
  RİH başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən, nümayəndənin müavini Əzizov Üzeyir Mirələm oğlu 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edərək şəhər ərazisində aparılan abadlıq-quruculuq, qaz, elektrik və su təsərrüfatı sahələrində görülmüş işlərdən, küçələrin asfaltlaşmasından danışaraq bu sahədə işlərin davam etdirildiyini bildirib.
  Hesabat məruzəsi ətrafında çıxış edən rayonun xidmət təşkilat rəhbərləri əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyi tərəfindən verilmiş sərəncamların icra olunması sahəsində daha da səmərəli işləyəcəklərini bildirərək son illərdə Ağsu rayonunun sosial-iqtisadi inkişafı sahəsində aparılan işləri yüksək qiymətlədirərək hesabat məruzəsinə kafi qiymət verilməsini təklif ediblər. 
  Rayon İcra Hakimiyyətinin baçşısı 2019-cu ildə ölkə başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən tədbirlərin davam etdirildiyini, ölkənin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını, respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsini, kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət artırılmasını bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağsu rayonunun tarixi ərazisi olan “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi barədə 22 oktyabr 2019-cu il tarixli və Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi işləri ilə bağlı tədbirlər haqqında 10 yanvar 2020-ci il tarixli Sərəncamlarının ölkə rəhbərliyi tərəfindən rayonumuza göstərilən diqqət və qayğının təzahürü olduğunu qeyd edib.
  Hesabat yığıncağından sonra keçirilən qəbulda çıxış edən RİH-nin başçısı rayon ərazisində elektrik təsərrüfatının yaxşılaşdırılması istiqamətində Cəfərli (17 kənd) və Sabir (19 kənd) hava elektrik xətlərinin yenidən qurulması və əlavə 35 kvt-luq Ağabəyli yarımstansiyasının tikilməsi, şəhər ərazisində içməli su xətlərinin yenilənməsi istiqamətində işlərin davam etdirildiyini və  05.02.2019-cu il tarixdə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən 01 iyun 2019-cu il tarixə kimi RİH-də qeydiyyata alınmış 3085 evdən 253 qəzalı evin tikilərək istifadəyə verildiyini, 152 evdə bərpa gücləndirmə işinin aparıldığını və 909 evdə təmir işlərinin başa çatdığını qeyd edərək  bu sahədə işlərin davam etdirildiyini bildirib.
  Səyyar görüşdə vətəndaşlar tərəfindən yeni salınmış məhəllələrdə küçələrə adların verilməsi, orada su, elektrik və qaz xətlərinin çəkilməsi və digər sosial sahələr üzrə müraciətlər səsləndirilib.
  Qeyd olunan müraciətlərlə bağlı xidməti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi təkliflərlə bağlı mərkəzi icra hakimiyyəti orqanlarına müraciət ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.

Keçidlər