Ağsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib
30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xəbərdarlıq etmədən Bakıya silahlı basqını, dinc, əliyalın insanların gülləbaran edilməsi, hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan xalqının azadlıq istəyinə, azadlıq arzularına qarşı yönələn qəsd idi. Vəhşicəsinə törədilən bu qəsd tariximizin qanla yazılan səhifələrindəndir. Həmin vaxt 147 nəfər mülki şəxs amansızlıqla öldürülüb, 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.
Bu dəhşətli faciənin acı xatirəsi yanvarın 20-də səhər saatlarında Ağsu şəhərindəki Qəhrəmanlar parkında minlərlə sakinin iştirak etdiyi anım mərasimində bir daha yad olunub.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi şəhidlərin ruhuna dua oxuyub.
Mədəniyyət işçilərinin ifasında qanlı faciəyə, Azərbaycana, Milli Ordumuza həsr edilən şeirlər səsləndirilib.
Sonra şəhidlərin xatirə kompleksində əbədi məşəlin önünə rayon icra hakimiyyəti adından əklil qoyulub, insanlar xatirə kompleksinə qərənfillər düzüblər.
Daha sonra ağsulular şəhərdəki şəhid məzarlığına gələrək, qəbirlərin üzərinə çiçəklər qoyub, Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
********************************
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Ağsu rayon Heydər Əliyev Mərkəzində tədbirlər keçirilir. Bu məqsədlə 20 Yanvar faciəsinə həsr olunan sənədli filmlər göstərilir, məktəblilərin və gənclərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir, mərkəzdə, habelə kənd məktəblərində "20 Yanvar azadlığa gedən yolun zirvəsidir" mövzusunda mühazirələr oxunur.
Son mühazirələr rayonun Padar kənd tam orta məktəbində VI- XI siniflərdə dinlənilib. Heydər Əliyev Mərkəzinin elmi işçisi İlahə Usubəliyeva tərəfindən söylənilən mühazirələrdə 20 Yanvar hadisələrinin müstəqillik və azadlıq eşqi ilə səsini ucaldan əliyalın insanlara qarşı törədilən, mahiyyətinə və miqyasına görə XX əsrin ən dəhşətli faciələrindən olduğunu diqqətə çatdırıb. Mühazirəçi ümummilli lider Heydər Əliyevin bu qanlı hadisələrlə bağlı Moskvada sərt bəyanat verdiyini, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini söyləyib.
İlahə Usubəliyeva 20 Yanvar hadisələrinin xalqımızın iradəsini qıra bilmədiyini və azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələndiyini diqqətə çatdırıb.
Sonda yeniyetmələri maraqlandıran suallar cavablandırılıb.
*********************************
Ağsu rayonunda rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Uşaq-gənclər idman–şahmat məktəbində təşkil olunan yarışlarda öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Əlisa İsayev çıxış edərək öz azadlığı, müstəqilliyi uğrunda dinc nümayişə çıxan əliyalın insanlara qarşı törədilən qırğından danışıb.
57 məktəblinin iştirak etdiyi yarışlar 3 yaş qrupunda dairəvi sistem üzrə keçirilib və iki gün davam edib. Hər yaş qrupu üzrə I, II və III yerləri tutan şahmatçılara rayon gənclər və idman idarəsinin diplomları verilib.