Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon sakinlərinə təbriki
Əziz ağsulular!
Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, bütün ağsululara sağlam, firavan həyat, ailə səadəti və xoşbəxtlik arzulayıram. Sizə müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma Ağsunun inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar diləyirəm.
Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramını qeyd edirlər. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.
Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - “Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” elan olunmuşdur.
Dünya Azərbaycanlılarının ilk qurultayının keçirilməsi, onların əlaqələndirmə şurasının yaradılması, xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət komitəsinin təsis edilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bilavasitə həyata keçirilmişdir. "Harada yaşamasından aslı olmayaraq hər bir Azərbaycanlının bir vətəni var - Azərbaycan Respublikası". Bu müdrik kəlam da Heydər Əliyevə məxsusdur.
Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və iqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.
Yola saldığımız hər bir il kimi 2019-cu il vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, ölkəmizi dünyada tanıdan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi kimi mühüm tarixi hadisələrlə zəngin olmuşdur.
2019-cu ildə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli və ardıcıl tədbirlər davam etdirilmiş, enerji ehtiyatlarımızın dünya bazarlarına çıxarılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində aparılan işlər gücləndirilmiş, kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət artırılmışdır.
Respublika əhalisinin, xüsusilə aztəminatlı insanların maddi-rifahının yüksəldilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yeni iş yerlərinin yaradılmasına, işsizliyin və yoxsulluğun minimum səviyyəyə endirilməsinə, əmək haqqı, pensiya və müavinətlərin artırılmasına dövlət siyasətində mühüm yer ayrılmışdır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artmış, Azərbaycan kosmik ölkələr arasında öz yerini möhkəmləndirmiş, ordu quruculuğu sahəsində ciddi tədbirlər görülmüş, ordumuz dünyanın güclü ordularının siyahısına daxil edilmişdir.
2019-cu il ölkənin mədəni-ictimai həyatında da bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq respublikada, eləcə də dünya miqyasında çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Əziz ağsulular,
Rayonumuzun həyatında ilin ən mühüm tarixi hadisəsi mart ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 5-də və 6-da baş vermiş zəlzələ zamanı rayonumuzda görülən işlərlə yerində tanış olmaq üçün Ağsuya səfəri olmuşdur. Dövlətmizin başçısı rayonumuzda zəlzələ nəticəsində ziyan çəkmiş iki qəzalı evin yerində yeni layihə əsasında aparılan tikinti işləri ilə tanış olmuş və müvafiq tapşırıqlar vermişdir.
Cənab Prezident rayon ictimaiyyəti nümayəndələri ilə görüşdə geniş nitq söyləmiş və rayonun problemləri ilə yaxından tanış olmuşdur. Ölkə rəhbərinin rayonumuza səfəri bütün respublika əhalisi kimi ağsuluları daha da səmərəli işləməyə ruhlandırmışdır. Ölkə başçısı İlham Əliyevin rayonumuza göstərdiyi böyük diqqət və qayğısının nəticəsi olaraq rayonumuz haqqında imzaladığı hər bir sərəncam ağsuluların hədsiz sevincinə səbəb olmuşdur.
Əziz ağsulular!
Doğma Ağsumuz gündən-günə inkişaf edir, öz simasını dəyişir, ölkəmizin ən gözəl, yaraşıqlı, füsunkar diyarına çevrilir. Biz Azərbaycanımızın dilbər guşəsi olan Ağsumuzun daha gözəl və füsunkar olması üçün bundan sonra da hamılıqla var qüvvəmizi sərf edəcəyik.
2020-cu ildə qarşıda bizi daha mühüm, daha məsuliyyətli işlər gözləyir. Şəhər, qəsəbə və kəndlərimizdə geniş abadlıq və quruculuq işləri davam etdirilməli, turizm sektorunun inkişafı istiqamətində yeni infrastruktur layihələrin həyata keçirilməsi üçün tədbirlər görülməlidir. Qarşıda bir çox sosial məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2020-ci ildə rayonumuzda kənd təsərrüfatının bütün sahələrinin geniş şəkildə inkişafının təmin olunması üçün konkret və əməli tədbirlər görüləcəkdir.
Mən rayonumuzun bütün sakinlərinin fədakarlığını və işgüzarlığını yüksək qiymətləndirir və 2020-ci ildə daha böyük uğurlar qazanacağımıza inanıram.
Əziz dostlar!
Sizi bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm! Arzu edirəm ki, Yeni İldə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.
Yeni iliniz mübarək!