Şriftin ölçüsü :

Saytın rəngi :

"Tərəkəmə həyat tərzi: dünən, bu gün və sabah" mövzusunda II Beynəlxalq Ağsu Simpoziumu işə başlayıb

20 dekabr 2019 | 11:00

Ağsu rayonunda “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Ağsu Rayonu İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunun və “Az-Granata” MMC-nin dəstəyi ilə "Tərəkəmə həyat tərzi: dünən, bu gün və sabah" mövzusunda II Beynəlxalq Ağsu Simpoziumu işə başlayıb.
  İki gün davam edəcək simpoziumda Azərbaycanın 10-dan çox universitet, institut, qoruq və muzeyini, Türkiyə Cümhuriyyəti Süleyman Dəmirəl Universitetini, Gürcüstan Salam Platformasını, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunu, İtaliyanın Verona və İsveçin Malmö universitetlərini təmsil edən alimlər və tədqiqatçılar iştirak edirlər.
  Beynəlxalq tədbirin iştirakçıları əvvəlcə Ağsu şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
  “Az-Granata” MMC-nin şərab və şirə emalı zavodunun konfrans zalında keçirilən açılış mərasimində çıxış edən “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli  qeyd edib ki, İtaliya, Avstriya və Yunanıstanın Alp dağlarında yaylaq həyatı yaşayan toplumların həyat tərzinin bu yaxınlarda UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi artıq dünyada həm qida, həm ekologiya, həm mədəni irs, həm də turizm sahəsində tərəkəmələrə diqqətin ayrıldığını göstərir. F.Xəlilli simpoziumun materiallarının nəşrinə Kembric Alimləri Nəşriyyatının da maraq göstərdiyini vurğulayıb.
  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev çıxışında elm və mədəniyyətin regionlarda inkişafına hesablanan Beynəlxalq Ağsu Simpoziumunun artıq ikinci dəfə keçirilməsindən məmnun olduğunu, Birinci Simpoziumun Türk dünyasının dövlətçilik irsinə, ikinci Simpoziumun isə tərəkəmə həyat tərzi araşdırmalarına həsr olunduğunu deyib. Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılmasının əlamətdar hadisə olduğunu, bu Qoruğun Ağsuda elm və mədəniyyət mərkəzinə çevrildiyini bildirib.
  Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının direktoru Tünzalə Yusifova II Beynəlxalq Ağsu Simpoziumuna tərəfdaşlığın ADPU Şamaxı filialının Şamaxıda və ətraf bölgələrdə elmi tədbirlərə marağından irəli gəldiyini deyib. O, beynəlxalq tədbirdə filialın müəllim və alimlərinin müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklərini, həmçinin simpoziumun təşkilində ağsulu könüllü tələbələrin fəallıq göstərdiklərini vurğulayıb.
  Simpoziumun Təşkilat Komitəsinin sədri Orxan Qəmbərov tədbirin tərəkəmə həyat tərzi araşdırmaları ilə tanınan, görkəmli sənətşünas alim, professor Kübra Əliyevaya həsr olunduğunu söyləyib. Sonra MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Kübra Əliyeva haqqında hazırladığı filmi təqdim edilib. Daha sonra Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev, italiyalı bərpaçı-memar Luici Skrinzi, “Az-Granata” MMC-nin marketoloqu Feyruz Surxayzadə, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Kübra Əliyeva simpoziumun həm elm aləmi, həm də Ağsu üçün əhəmiyyətindən danışıblar.
  Bölmə iclasında professorlar Vəli Əliyev "Tunc dövründə tərəkəmə həyat tərzi", Cəfər Qiyasi "Türk xatirə memarlığı fenomeni qülləvari türbələrin yayım arealı və tipləri", Luici Skrinzi "Avropa və İtaliyada tərəkəmə həyat tərzi", Kübra Əliyeva "Qarabağ tərəkəmə tayfaları, onların adət ənənələri və xalça materialları üzərindəki naxışların semantikası", Minaxanım Təkəli (Nuriyeva) "Türk coğrafiyasında Təklə: adı, keçmişi", Qafar Cəbiyev "Girdiman əhalisinin təsərrüfat həyatında maldarlığın rolu", Şikar Qasımov "Əsrlərlə dəyişməyən tərəkəmə həyatı" mövzularında məruzələrlə çıxış ediblər.
  Sonra simpozium iştirakçıları “Az-Granata” MMC-nin bölgədəki böyük istehsal müəssisəsi və onun muzeyi ilə tanış olublar. Xançoban folklor ansamblının üzvləri maraqlı kompozisiya və proqramla çıxış ediblər.


 

Keçidlər