İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilib
Dekabrın 18-də Ağsu rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə icbari tibbi sığorta sisteminin tətbiqi barədə maarifləndirici seminar keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Seminarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Elvin Abbasov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.
Vurğulayıb ki, ilkin mərhələdə tibbi xidmətlərin keyfiyyət standartlarının hazırlanması və bunun tətbiqi ilə bağlı treninqlərin keçirilməsi ən vacib məsələlərdən biridir. Təqdirolunası haldır ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. Bu keyfiyyət standartlarının hər il sayının artırılması nəzərdə tutulur.
Həmçinin iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş məlumat verilib. Eyni zamanda bildirilib ki, imtiyazlı əhali qrupları sığorta haqqından azaddır.
Sonda iştirakçıları maraqlandıran suallara cavablar verilib.