5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə dəyirmi masa keçirilib
Dekabrın 6-da Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “5 dekabr-Beynəlxalq Könüllülər Günü" münasibətilə təşkil edilmiş "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində "Könüllülər: inkluziv gələcək üçün" mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə qeyd edib ki, “5 dekabr-Beynəlxalq Könüllülər Günü" münasibətilə ölkəmizdə könüllü fəaliyyətinin daha geniş təşviq olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 1-9 dekabr 2019-cu il tarixlərdə "Azərbaycan Könüllülük Həftəsi" elan olunmuşdur.
Ağsu rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zülfiyyə Məhərrəmova çıxış edərək vurğulayıb ki, könüllülük fəaliyyəti yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində gənclərə özlərini inkişaf etdirməyə dəstək olur. Onların gələcək həyat fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.
Qarşılıqlı diskusiya şəklində keçən tədbirdə könüllü gənclərin də fikirləri dinlənilib. Könüllülər çıxışlarında qeyd ediblər ki, könüllülük fəaliyyəti onlarda şəffaflığı, operativliyi, məsuliyyəti, ətrafda baş verən hadisələrə daha həssas yanaşmağı, gülərüz və səbrli olmağı öyrədib. Ümidvar olduqlarını bildiriblər ki, "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində keçiriləcək tədbirlər könüllülük fəaliyyətinin daha geniş təşviq olunmasına töhfə verəcək, gənclərdə bu fəaliyyətə maraq yaradacaqdır.