Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yusif Əliyevin xatirəsi yad olunub

03 dekabr 2019 | 11:00

Dekabrın 3-ü Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yusif Əliyevin ad günüdür. Yaşasaydı, 50 yaşını özü qeyd edərdi. Bu gün isə onun xatirəsi rayon rəhbərliyi, kənd sakinləri, məktəb kollektivi, əzizləri, dostları tərəfindən yad olundu.
Mərasim iştirakçıları əvvəlcə Milli Qəhrəman Yusif Əliyevin dəfn olunduğu kənd qəbiristanlığına gələrək məzarı üzərinə qərənfillər düzüb, ruhuna dua oxuyublar. Sonra Rəhimli kəndindən olan Milli Qəhrəman Şamil Ramazanovun qəbri də ziyarət olunub. Mərasim iştirakçıları kənd mədəniyyət evinin qarşısına gələrək, hər iki Milli Qəhrəmanın bayraqlarla bəzədilən büstləri önünə çiçəklər düzüblər.
  Yusif Əliyevin vaxtilə təhsil aldığı Rəhimli kənd tam orta məktəbinin akt zalında davam etdirilən mərasimdə onun döyüş yolundan danışılıb. Bildirilib ki, 1990-cı ilin avqustunda polis sıralarına qəbul olunan Yusif Əliyev post-patrul xidməti alayının 3-cü rotasında xidmət edib. Bu, mənfur erməni təcavüzkarlarının Azərbaycan ərazilərinə ardıcıl hücumlarının intensivləşdiyi vaxtlar idi. 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüşə qatılıb. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq yolları kəsir, tez-tez basqınlar edirdilər. Fevralın 24-də sübh tezdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçib. Qüvvələr qeyri-bərabər olsa da, polis dəstəsi öz əlverişli mövqeyini qoruyub saxlamağa çalışmaqla yanaşı, planlı şəkildə düşməni yaxına buraxır, müxtəlif istiqamətlərdən onları hədəf alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Dəstənin döyüş sursatı qurtarmaq üzrə idi. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan, dəstənin cəsarətli həmləsindən çaş-baş qalan ermənilər pərən-pərən düşdülər.
  1991-ci ilin sentyabr ayının ortalarında Yusif Əliyevin son döyüşü oldu. Belə ki, düşmən yenidən böyük qüvvə ilə Buzluq kəndinə hücuma keçmişdi. Ölüm-dirim savaşına girən dəstəyə xəbər gəldi ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzluğa sursat çatdırmağa nail oldu. Lakin bu, onun həyatı bahasına başa gəldi. Ölümündən sonra, 1992-ci ildə Yusif Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
  Çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mirqubad Orucov, Rəhimli kənd tam orta məktəbin direktoru Fəxrəddin Həsənov, rayon Polis Şöbəsinin rəis müavini Gündüz Bağızadə və başqaları torpaqlarımızın bütövlüyü, Azərbaycanın azadlığı uğrunda şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.
  Milli Qəhrəmanın atası Əliyusif Əliyev, oğlu İsmayıl Əlizadə şəhidlərimizin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına, mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
  Mərasimdə Milli qəhrəmanlarımızla bağlı rayon məktəbliləri arasında keçirilən yarışların qalibləri mükafatlandırılıb. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər