Ağsu şəhərində 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar görüş keçirilib
Ağsu şəhərindəki Veteranlar evində keçirilən görüşdə əlilliyi olan şəxslərə hərtərəfli dövlət qayğısından danışılıb, bu gün Ağsu rayonunda 2733 nəfər tamamilə və qismən sağlamlığını itirən şəxsin olduğu qeyd olunub.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb. Vurğulayıb ki, bu gün dövlət əlilliyi olan insanları çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reablitasiya, istirahət və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb edir. İstər paytaxda, istərsə də bölgələrdə yeni reablitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi xüsusi diqqətdə saxlanılır. Dövlət başçısının Sərəncamına əsasən əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülür. Əlil və şəhid ailəlləri üçün Ağsu rayonunda 50 ev tikilərək istifadəyə verilib. Bu evlərdən 26-sı Qarabağ müharibəsi əlilləri, 24-ü isə şəhid ailələri üçündür. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən əlilliyi olan şəxslərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi əlilləri Allahverdi Qəmbərov, Kamil Səlimov, Asif Abuzərov onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Həmçinin əlilliyi olan şəxslərin qayğıları dinlənilib. Sonda əlilliyi olan şəxslərə hədiyyələr verilib.
.