Şair Sabir Savanla Ağsu rayon ictimaiyyətinin görüşü keçirildi
22 noyabr 2014-cü il tarixdə Ağsu rayon Mədəniyyət Sarayında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Məlikov Sabir Soltan oğlu ilə (Sabir Sarvan) Ağsu rayon ictimaiyyətinin görüşü keçirildi. Tədbir iştirakçıları ilk öncə rayonunun mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbiri giriş sözü ilə açaraq şair Sabir Sarvanın həyat və yaradıcılığı, vətəndaş mövqeyi, torpaq, millət təəssübkeşliyi ilə köklənmiş poeziyası haqqında məlumat verdi.
Sabir Sarvan 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. 1971-ci ildə Sarvan kənd səkkizillik məktəbini, 1973-cü ildə Növcü kənd orta məktəbini bitirmişdir. İlk mətbu əsəri olan ”Vüqar” adlı şeiri 1970-ci ildə Ağsu rayonunda nəşr olunan “Birlik” qəzetində çap olunmuşdur. 1977-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakultəsini bitirmişdir. 1977-1980-ci illərdə N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 1981-1987-ci illərdə isə Bakıda Tədris Teatrında aktyor işləmişdir. 1988-1993-cü illərdə jurnalist kimi fəaliyyətə başlamış, demokratik mətbuatın ilk qaranquşu sayılan “Gənclik” - “Molodost” jurnalında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışmış, 1996-cı ildən hal-hazıra kimi Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin sədri vəzifəsində çalışır.
”Gördüyüm göy, baxdığım işıq”, ”Çıx qaranlıqdan”, ”Gəldi qürub”, ”Özümü sözə çevirdim”, “Dərdimi oxusun ney” adlı şeir kitablarının müəllifidir.
Şair-publisist Əjdər Ol Sabir Sarvanın həyat və yaradıcılığından, onunla tanışlığından və çoxillik dostluğundan danışmışdır.
Tədbirə toplaşanlar Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-jurnalist Rəşad Məcidin xatirələrini maraqla dinləmişlər.
Görüşdə şair-tərcüməçi Məmməd Aslan, əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov, filologiya elmləri doktoru Əzizxan Tanrıverdi, xanəndələr - əməkdar artist Elnarə Abdullayeva, Abgül Mirzəliyev iştirak etmişlər.
Tədbirdə şair Sabir Sarvanın şeirləri böyük maraqla dinlənilmişdir.
Tədbirin keçirilməsinə Mədəniyyət və Turizm Nazirliyinin 08 sentyabr 2014-cü il tarixli, 2427/11 saylı məktubu ilə razılıq verilmişdir.