12 Noyabr - Konstitusiya Günü münasibətilə təntənəli yığıncaq keçirilib
Noyabrın 12-də Ağsu rayonunda Konstitusiya Günü münasibətilə təntənəli yığıncaq keçirilib. İştirakçılar əvvəlcə şəhərin mərkəzindəki Heydər Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan yığıncaqda Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlərin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev çıxışında bildirib ki, xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Konstitusiyası müstəqillik yolunda hələ kövrək addımlarını atan ölkəmizdə dövlətin təməl prinsiplərini, siyasi-hüquqi və iqtisadi əsaslarını, ədalət mühakiməsini, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanunlar toplusudur. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən olmaqla, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Təntənəli yığıncaqda rayon prokuroru Namiq Muradovun “Konstitusiyamız hərtərəfli inkişafımızın təminatında müstəsna rol oynayır” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub. Məruzə və çıxışlarda qeyd olunub ki, əsas prinsipləri müstəqil Azərbaycanın firavan gələcəyinə hesablanan Konstitusiyamızın qəbulundan keçən qısa tarixi zamanda ölkəmiz müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada böyük uğurlar qazanıb. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da artır, Azərbaycan yeni üfüqlərə doğru inamla irəliləyir.