Ağsu rayon İcra Hakimiyyətinin başçısı Xanbulaq kəndində səyyar qəbul keçirib
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 24 oktyabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının və idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Xanbulaq kəndində səyyar görüşdə olmuş, 97 nəfər yerli və məcburi köçkün vətəndaşları fərdi qaydada dinləmiş, qaldırılan məsələlər barədə müvafiq tapşırıqlar verilmişdir.
RİH başçısı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatları, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində məlum sərəncam və qərarlardan danışaraq bildirmişdir ki, sosial layihələr çərçivəsində respublikada olduğu kimi rayonumuzda da xeyli işlər görülmüş, 05.02.2019-cu il tarixdə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən humanist bir addım atılaraq vətəndaşlara köməkliklər olunmuşdur. Bundan əlavə rayon ərazisində həkim məntəqələri, məktəb və uşaq bağçası üçün yeni binalar tikilmişdir. Bir sözlə, rayonumuz Ölkə başçısının qayğısı ilə əhatələnmişdır. Ölkədə aparılan islahatlar nəticəsində Respublikamızın bütün bölgələri kimi, Ağsu rayonu da daha da inkişaf edəcək, əhalinin sosial rihal halı daha da yaxşılaşacaqdır.
Təkliflərin əksər hissəsi kollektiv müraciətlər olmuşdur. Belə ki, Xanbulaq kəndini rayon mərkəzi ilə birləşdirən 13 km yolun təmir olunması, kəndin elektrik təsərrüfatının yenidən qurulması, içməli və təsərrüfat suyunun verilməsi ilə bağlı qaldırılan məsələlər müzakirə olunmuş, aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan əlavə ÜDSY təyin olunması, elektrik sayğaclarında olan debitor borcların silinməsi, işlə təmin olunma kimi məsələlərə aydınlıq gətirilmiş, yerində tapşırıqlar verilmişdir.
Görüş səmimi və diskusiya şəraitində keçmiş, sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.