Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Ağsu rayonunda təntənəli şəkildə qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov müəllimləri təbrik edib, məsul və şərəfli peşələrində onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, hazırda rayonda 69 ümumtəhsil məktəbi, o cümlədən 35 tam orta, 16 ümumi orta, 18 ibtidai məktəb, 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə 9795 şagirdin təlim-tərbiyəsi ilə 1126 müəllim məşğul olur. Cari dərs ilində rayonun ümumtəhsil məktəblərinə 49 nəfər müddətsiz, 51 nəfər isə müddətli müqavilə ilə işə qəbul olunub.
Çıxışlarda ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri diqqət və qayğıdan danışılıb. Diqqətə çatdırılıb ki, cari dərs ili üçün Heydər Əliyev Fondu tərəfindən Aratkənd kənd tam orta məktəbi üçün 132 şagird yerlik məktəb binası tikilib istifadəyə verilib. Bundan əlavə Abasxanlı tam, Göydəlləkli və Sarvan kənd ümumi orta məktəbləri üçün 96 şagird yerlik modul tipli binalar inşa olunur. Habelə şəhər 4 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.
Təntənəli yığıncaqda ölkəmizdə çətin və şərəfli peşə olan müəllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışılıb, müəllimlərin əməkhaqqının daha 20 faiz artırılmasının bu qayğının parlaq nümunəsi olduğu bildirilib. Dövlət başçısının Sərəncamı ilə müəllimlər günü ərəfəsində Muradlı kənd tam orta məktəbin direktoru Aqil Həsənov “Tərəqqi” medalı, şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Leyla Mehdiyeva Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, 1 nömrəli məktəb-liseyin direktoru Sənan Nemətov isə nazirliyin fəxri fərmanı ilə təltif olunub.
Tədbirin sonunda bir qrup müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.
Balacaların ifasında səsləndirilən mahnı və rəqslər iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.