Ağsu rayonunda 2019-cu ildə ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib.
Rayon icra hakimiyyətində təşkil edilən görüşdə icra başçısı Ənvər Seyidəliyev ali məktəblərə qəbul olunan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb. Respublikamızda təhsilin inkişafına dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətdən danışan icra başçısı sentyabrın 1-dən müəllimlərin əməkhaqqının 20 faiz artırılmasının buna bariz nümunə olduğunu bildirib. Diqqətə çatdırıb ki, son illər rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülüb. Belə ki, ötən tədris ilində tikintisinə başlanmış modul tipli üç kənd təhsil ocağı - Abasxanlı kənd tam orta, Sanqalan və Sarvan kənd ümumi orta məktəblər istifadəyə veriləcək. Aratkənd tam orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilir. Şəhər 4 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri başa çatmaq üzrədir.
Görüşdə çıxış edən Təhsil şöbəsinin müdiri Səftər Əlabbasov ötən tədris ilində rayonda fəaliyyət göstərən 69 ümumtəhsil məktəbində 9567 şagirdin təhsil aldığını, onlardan 516 nəfərinin XI sinfi bitirdiyini qeyd edib. Bu il ali məktəblərə sənəd verənlərdən 148 nəfərinin tələbə adı qazandığını, onlardan 13 nəfərin 500-dən yuxarı bal topladığını söyləyib.
Digər çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək balla ali məktəblərə qəbul olunan tələbələrə qiymətli hədiyyələr verilib.