Ağsu rayon İcra Hakimiyyətinin başçısı Dilman kəndində vətəndaşları qəbul edib
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Dilman kəndində vətəndaşları qəbul edib. Görüşdə Prezident Administrasiyasının sektor müdiri Qalib Əsgərov iştirak edib.
Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla qarşılanır.
Kənd sakinləri çıxışlarında sosial-iqtisadi inkişaf sahəsində ölkədə həyata keçirilən məqsədyönlü tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını və razılıqlarını bildiriblər.
Görüşdə vətəndaşlar tərəfindən əsasən həyətyanı torpaq sahəsinin ayrılmasına, kənd tibb məntəqəsinin tikintisinə, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin bərpasına, kənd təsərrüfatı bitkilərinin yığımı üçün texnika cəlb edilməsinə köməklik göstərilməsi və bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.