1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi təşkil olunub
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağsu şəhərində ”Şəlalə” şadlıq sarayında bayram şənliyi təşkil olunub.
Rayon ictimaiyyətinin nümayəndələri, təhsil, mədəniyyət işçiləri, ümumtəhsil məktəblərinin şagirdləri, uşaq bağçalarının kollektivləri və 190 nəfərdən çox balacaların iştirak etdiyi bayram şənliyində uşaqların ifalarında mahnı və rəqslər təqdim olunub.
Tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Sevil Mirzəliyeva qeyd edib ki, ailəyə sevinc bəxş edən, varlığı saflıqdan, sadəlikdən yoğrulan uşaqların xoşbəxt, firavan yaşayışı, layiqli bir vətəndaş kimi böyüməsi hər kəsin müqəddəs borcu, həyat amalıdır. Bu gün rayonumuzda uşaqların hüquq və sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər görülür, onların təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir.
Çıxış edənlər balacaları təbrik edib, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, bu işdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları istiqamətində önəmli layihələr həyata keçirir.