Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda ilin birinci yarısının nəticələri müzakirə olundu

25 iyul 2014 | 10:00

Iyulun 14-də Ağsu Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirildi.
2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr   barədə  Ağsu Rayon İcra Hakimiyyətinin  başçısı  Ənvər  Seyidəliyevin  hesabat məruzəsi dinlənildi, müzakirələr aparıldı. Qeyd  olundu  ki, 2014-cü ilin ilk 6 ayında rayon üzrə ümumi məhsul buraxılmışının həcmi 77 milyon 844,5 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. Ümumi məhsul buraxılışının 45,8 faizi kənd təsərrüfatında, 26,1 faizi tikintidə, 22,4 faizi ticarətdə yaranmışdır. Sənaye məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 2 milyon 764,9 min manat, bu məhsulların qeyri-dövlət bölməsində həcmi isə 27,4 faiz artaraq 1 milyon 946,3 min manat olmuşdur.
Rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorun inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Mühüm strateji məhsul olan taxıl biçini optimal müddətdə və itkisiz başa çatdırılmış, hər hektardan 19 sentner məhsul istehsal olunmaqla 69 min 745 ton taxıl götürülmüşdür. Heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə diqqətəlayiq dərəcədə artmışdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Hesabat yığıncağında tikinti-quraşdırma işlərinin geniş vüsət aldığı diqqətə çatdırıldı, bu işlərin həcminin ötən ilin 6 ayın ilə müqayisədə 3 faiz artaraq 20 milyon 272,4 min manata çatdığı bildirildi.
Bildirildi ki, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi əhalinin məşğulluğunun artmasına, yeni iş yerlərinin açılmasına şərait yaratmışdır. Yarım ildə 247 yeni iş yeri açılmışdır ki, bunun da 181-i daimidir.
Məruzə və çıxışlarda təhsil, səhiyyə və mədəniyyət sahələrində, bu sahələrin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətlərində görülən işlər barədə də ətraflı danışıldı. Həmçinin əhalinin elektrik enerjisi, təbii qazla təminatı ilə əlaqədar həyata keçirilən tədbirlərdən də geniş bəhs olundu.
Hesabat yığıncağında, eyni zamanda, 2014-cü ilin ikinci yarısında qarşıda duran təxirəsalınmaz vəzifələr barədə geniş müzakirələr aparıldı. Xüsusilə diqqət regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramında Ağsu rayonu üçün nəzərdə tutulmuş layihələrə, bu sahədə görüləcək mühüm işlərə cəlb olundu. Vurğulandı ki, ağsulular bölgənin çiçəklənməsinə, dinamik inkişafına səbəb olacaq yeni Dövlət Proqramının müvəffəqiyyətlə icrası üçün dövlətə hərtərəfli dəstək göstərəcək, bu sahədə var qüvvələrini əsirgəməyəcəklər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Niyaz Əliyev hesabat yığıncağında çıxış edərək diqqəti iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələrə və bu sahədə hər bir bölgədə həyata keçiriləcək həlli vacib işlərə yönəltmişdir.

Keçidlər