Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilib
Ağsu Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel ayının 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr geniş müzakirə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin birinci rübün yekunlarına həsr olunan məruzəsində, eləcə də çıxışlarda sosial-iqtisadi sahələrdə bir sıra uğurlu nəticələr qazanıldığı qeyd olunub. Birinci rübdə rayonda ümumi məhsul buraxılışının həcmi 28 milyon 371 min manat, adambaşına düşən ümumi məhsul isə 353,6 manat təşkil edib. Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz və ya 75,3 min manat artaraq 2 milyon 158 min manata çatıb. Sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun ümumi çəkisi 63,4 faiz olub.
İclasda fevralın 5-də baş verən zəlzələnin nəticələri barədə ətraflı danışılıb. Vurğulanıb ki, indiyədək 2556 müraciətə baxılıb. Komissiya tərəfindən bu evlərin 352 qəzalı hesab edilib, 448-nin bərpa-gücləndirməyə, 1677-nin təmirə ehtiyacı olduğu, 79 evin isə normal vəziyyətdə olduğu müəyyən edilib. Mart ayının 6-da Prezident İlham Əliyevin Ağsuya səfəri, sakinlərlə görüşü, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlar bu istiqamətdə işlərə güclü təkan verib. Hazırda 109 evin tikintisinə başlanılıb, 2 evin inşasında son tamamlama işləri aparılır. Yaxın günlərdə 448 evdə bərpa-gücləndirmə işlərinə başlanılacaq. Ölkə başçısının Sərəncamı ilə Ağsu rayonuna ayrılan 2 milyon manat vəsaitlə müəyyən edilən evlərdə təmir işləri aparılacaq. Hələlik 200 evin qüsur aktlarına əsasən smetalar hazırlanıb və yaxın günlərdə həmin yaşayış binalarının təmirinə başlanacaq.
Yığıncaqda bitkiçilik, heyvandarlıq sahələrində görülən işlər və qazanılan uğurlar ətraflı təhlil edilib, 200 nəfərin işlə təmin olunacağı “Ağsu aqropark” QSC-də aparılan tikinti-quraşdırma işlərindən bəhs olunub.
Məruzə və çıxışlarda aqrar sektorda qarşıda duran konkret vəzifələr də ətraflı müzakirə edilib, habelə təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı ilə bağlı görülən işlərdən, həlli vacib məsələlərdən danışılıb.
Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov yığıncaqda çıxış edərək dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasından, həyata keçirilən aqrar islahatlardan, əldə olunan uğurlu nəticələrdən, habelə qarşıda duran konkret vəzifələrdən danışıb.