Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
Mayın 15-də YAP rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.
Tədbirdə təşkilatın Gənclər Birliyinin sədri Elnur Fərzəlizadənin məruzəsi dinlənilib, sonra çıxışlar olub. Vurğulanıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərin imzaladığı qanunlar, sərəncamlar, fərmanlar və dövlət proqramları çərçivəsində ölkəmizdə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, ictimai fəallığının artırılması istiqamətində fundamental baza yaradılıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, indi Azərbaycan gəncliyi ictimai həyatımızın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Bu gün YAP rayon təşkilatı üzvlərinin sayı 5601 nəfəri keçib və onların 1227 nəfəri gənclərdir. İstedadlı, cəmiyyətə və dövlətə layiqincə xidmət edən gənclər rayonda keçirilən siyasi kampaniyalarda, sosial, iqtisadi və mədəni quruculuq işlərində, idman həyatında həmişə fəal mövqe nümayiş etdirirlər.
Qeyd olunub ki, YAP rayon təşkilatının Gənclər Birliyi partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında gənclərə Vətənə sevgi, milli-mənəvi dəyərlərimizi qorumaq, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək kimi vərdişlər təbliğ edir.
Milli Məclisin komitə sədri Hadi Rəcəbli və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov konfransda çıxış ediblər.
Sonra təşkilati məsələlərə baxılıb, respublika konfransına nümayəndələr seçilib.
Sonda YAP sıralarına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.