Ağsuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edildi
Ağsu Rayon İcra Hakimiyyətində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə rayon ictimaiyyətinin yığıncağı keçirildi.
Tədbirdə iştirak edən rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların, həmçinin ictimaiyyətin nümayəndələri əvvəlcə xalqımızın ulu öndəri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək ümummilli liderin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev “Tarixi qayıdış və xalq qurtuluşu” mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan onu yenidən itirmək təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev xalqının taleyinə biganə qala bilməyib. Milyonların təkidli çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Natiq bildirdi ki, Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri 27 iyun 1997-ci ildə Azərbaycan Milli Məclisinin qərarı ilə rəsmiləşdirildi. 15 - iyun Ümummilli lider Heydər Əliyevin Azərbaycan siyasi hakimiyyətinə xalqın təkidli tələbi ilə təkrar qayıdışı Milli Qurtuluş günü elan edildi. Həmin ildən bu günü xalqımız əziz bir bayram kimi qeyd edir.
Məruzənin sonunda Rayon İcra hakimiyyətinin başçısı cənab Ənvər Seyidəliyev Ağsu ictimaiyyətini, “Milli Qurtuluş günü” münasibətilə ürəkdən təbrik edərək bildirdi ki, icazə verin Sizin adınızdan Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, Ağsu ictimaiyyəti bundan sonra da Heydər Əliyev ideyalarının həyata keçirilməsində hörmətli Prezidentimiz ətrafında daha sıx birləşərək, ölkəmizin gələcəyi naminə həyatımızın bütün sahələrində var qüvvələri ilə çalışacaqlar.