Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi ilə əlaqədar tədbir keçirilib
Ağsu rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantıda çıxış edən baş həkimin müavini, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanımın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Digər çıxış edənlər vurğulayıblar ki, görkəmli alim Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub. Bildirilib ki, akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu gün qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanınır. Bu Mərkəzdə elm sahəsində olduğu kimi, praktiki sahədə də Zərifə xanımın adına layiq böyük işlər həyata keçirilir.
Natiqlər Akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən danışaraq böyük alimin xalqımız qarşısında xidmətlərini yüksək dəyərləndiriblər.