Müvəqqəti iş yerləri açılmış qurumlarda işlərin düzgün təşkili və bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması ilə əlaqədar yığıncaq keçirilib
16 aprel 2019-cu il tarixdə rayonda əhalinin məşğulluğunun artırılmasının təşkilində neqativ hallara yol verilməsinin qarşısının alınması məqsədilə Ağsu rayon İcra Hakimiyyəti başçısının 12 aprel 2019-cu il tarixli 72 nömrəli Sərəncamı ilə yaradılmış komissiyanın yığıncağı keçirilib.
Rayon İcra Hakimiyyətində keçirilən geniş iclasda komissiya üzvləri, şəhər və kənd İƏD üzrə nümayəndələr, idarə və müəssisələrin rəhbərləri iştirak edib. Müvəqqəti iş yerləri açılmış qurumların rəhbərlərinin hesabatları dinlənilib və onları narahat edən məsələlərə aydınlıq gətirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Ənvər Seyidəliyev çıxış edərək müvəqqəti iş yerləri açılmış qurumlarda işlərin düzgün təşkili, işə götürülənlərlə fərdi işlərin aparılması və bu sahədə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edilməsi vəziyyəti barədə danışıb. Vurğulanıb ki, cari ildə Kommunal Müəssisələri Kombinatı, Mənzil İstismar İdarəsi və “Yaşıllaşdırma və Abadlaşdırma” MMC təşkilatlarında 275 nəfər müvəqqəti işlərə cəlb olunub. Qarşıdakı aylarda da müvəqqəti iş yerlərinin açılması ilə bağlı tədbirlər davam etdiriləcəkdir.
Yığıncaqda əhalinin məşğulluğunun artırılmasının təşkilində neqativ hallara yol verilməsinin qarşısının alınması məqsədilə müvafiq tapşırıq və tövsiyələr verib.