Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb

05 aprel 2019 | 11:00

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aprelin 5-də Ağsu rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
  Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev gənclər qarşısında çıxış edərək IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın sosial-iqtisadi əhəmiyyətindən danışıb.
  Ağacəkmə aksiyası zamanı rayonun Aratlı Curuğlu Bələdiyyəsi ərazisində ayrılan 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr salınan nar bağlarına qulluq edib onlardan gəlir götürmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
  Meyvə ağaclarının əkilməsi üzrə pilot layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra bir sıra digər rayonlarda salınaraq, aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.
  Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 20808 meyvə ağacı əkilib və 63 aztəminatlı ailə meyvə bağı ilə təmin edilib.
  Qeyd edək ki, Ağsu rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub. 



Keçidlər