Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Lənkəran rayonuna yola salınıb

15 mart 2019 | 11:00

Ağsu rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də səhər Lənkəran rayonuna yola salınıb. Dörd gün davam edəcək səfər zamanı məktəblilər respublikamızın cənub bölgəsi olan Lənkəran, Masallı və Astara rayonlarında bu yerlərin tarixi, maddi-mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı ilə tanış olacaq, həmyaşıdları ilə görüşəcək, şən və mənalı istirahət edəcəklər.
  Yolasalma mərasimi rayon rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərin mərkəzindəki Heydər Parkında keçirilib. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək məktəblilərə uğurlu yol, şən və mənalı istirahət arzulayıb, onlara Azərbaycanımızın cənub bölgəsi barədə daha zəngin bilgilər almağı tövsiyə edib.
  Valideynlər bu gözəl təşəbbüsə, məktəblilərin ölkəmizi daha yaxından tanımaları, vətənpərvər ruhda tərbiyəsi, gözəl istirahəti üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
  Sonra tur-aksiya iştirakçıları parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, onlar üçün ayrılan avtobusa əyləşərək yola düşüblər.
  Qeyd edək ki, bir gün əvvəl rayon icra hakimiyyətində tur-aksiya iştirakçıları ilə görüş keçirilib.


Keçidlər