Ağsuda 28 May–Respublika günü təntənə ilə qeyd edilmişdir
Mayın 27-də Respublika günü münasibəti ilə Ağsu şəhərində təntənəli bayram tədbiri keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivi, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzmüş, görkəmli dövlət xadiminin xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Bayram tədbirinin rəsmi hissəsi şəhər mədəniyyət sarayında davam etdirilib.
Bayram tədbirini giriş sözü ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı cənab Ənvər Seyidəliyev açaraq iştirakçıları qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik etmiş və bildirmişdir ki, 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti yaranmış və bu tarix xalqımızın həyatında ən unudulmaz günlərdən biridir. Yaşadığı 23 ay ərzində Demokratik Respublikanın gördüyü işlər, yaradılan təsisatlar, qəbul edilən dövlət rəmzləri tariximizin ən yaddaqalan səhifələridir. Qısa zaman kəsiyində Demokratik Respublikanın şərəfli fəaliyyəti Azərbaycan xalqının arzu və istəklərini müstəqillik şəraitində həyata keçirmək iqtidarında olduğunu əyani nümayiş etdirmişdir. Təəssüflər olsun ki, yaradılan ilk müstəqil dövlətimizin ömrü az olmuşdur. 1920-ci il aprelin 28-də bolşevik qoşunları tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılmışdır. Lakin xalqımızın qəlbində azadlıq məşəli heç vaxt sönməmişdir. 70 ildən sonra xalqımızın yenidən müstəqil olmaq uğrundakı mübarizəsi öz bəhrəsini vermiş, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Yenidən qazanılmış müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşamış, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Belə bir çətin və sınaqlı günlərdə xalqımızın təkidli tələbi və xahişi ilə yenidən respublikaya rəhbərliyə qayıdan xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olundu, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoydu. Çox fərəhli haldır ki, bu müdrik siyasət bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında özünəməxsus yer tutmuş, mötəbər Beynəlxalq təşkilatların tam hüquqlu üzvü olmuşdur.
Sonra “Şərqinin ilk demolratik respublikası - Azərbaycan Xalq Cumhuriyyətii” mövzusunda Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyevanın məruzəsi dinlənilmiş, tədbir bayram konserti ilə davam etdirilmişdir.