Beynəlxalq Qadınlar Günü münasibətilə voleybol üzrə rayon birinciliyi keçirilib
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ağsu rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun tam orta məktəblərində təhsil alan qızlardan ibarət komandalar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
A.Nadirov adına şəhər 1 nömrəli məktəb-liseyin idman zalında təşkil olunan və olimpiya sistemi üzrə keçirilən yarışlarda 6 ümumtəhsil tam orta məktəbin komandası öz gücünü sınayıb. Komandaların tərkibində 68 nəfər voleybolçu qız iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində çoxsaylı tamaşaçının qatıldığı yarışlarda I yeri A.Nadirov adına şəhər 1 nömrəli məktəb-liseyin qız voleybolçuları qazanıblar. II yeri Qaraqoyunlu kənd tam orta məktəbin, III yerləri isə şəhər 3 və 4 saylı tam orta məktəblərin komandaları tutublar.
Yarışın qaliblərinə rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri verilib.