Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda 18 may Beynəlxalq Muzeylər günü qeyd edildi

16 may 2014 | 10:00

Ağsuda  mayın  15-də  18  may  Beynəlxalq  Muzeylər  günü  qeyd  edildi.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva,  Ağsu Tarix Diyarşünaslıq Muzeyinin  direktoru  Sevda  Dəmirova,  mədəniyyət  müəssisələrinin  və rayon ictimaiyyətinin  nümayəndələri  iştirak edirdilər.
Tədbirdə  çıxış  edən  Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva bildirdi  ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni  mübadilə  və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Bu gün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini  mədəni  irsə,  muzeylərin  vəziyyətinə,  bu  sahədə  mövcud  olan  problemlərə  cəlb  etmək üçün  əlamətdar  vəsilədir. 
    Dünyada qədim eksponatların və şəxsi kolleksiyaların, nadir əşyaların mühafizə edildiyi Vaşinqton Milli İncəsənət Qalereyası, Nyu-York Metropoliten Muzeyi, Venesiya Akademiya Qalereyası, Drezden Şəkil Qalereyası, Moskva Tretyakov Qalereyası, Sankt-Peterburqda Dövlət Ermitajı kimi məşhur muzeylər fəaliyyət göstərir.
    Azərbaycanda ilk muzey 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə parlamentin binasında (İstiqlal Muzeyi) fəaliyyətə başlayıb, sonrakı illərdə Azərbaycan Dövlət Muzeyi (indiki Milli Azərbaycan Tarixi Muzeyi), ayrı-ayrı sahələr üzrə muzey-fondlar, rayonlarda tarix-diyarşünaslıq muzeyləri və s. təşkil edilib.
    Hazırda ölkədə 203 muzey fəaliyyət göstərir. Bunlardan Bakı şəhəri üzrə 22 muzey, rayonlar üzrə 181 muzey var: «Bunlar müxtəlif profilli muzeylərdir: tarix və tarix-diyarşünaslıq, incəsənət və ədəbiyyat, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin memorial, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləri... Son illər regionlarda Heydər Əliyev Muzeyləri yaradılır ki, bu mədəniyyət ocaqları da böyük öndərin irsinin öyrənilməsinə, onun ideyalarının təbliğinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir».
    S.Mirzəliyeva vurğuladı  ki,  ölkə prezidenti İlham Əliyevin muzeylərin inkişafı və yeni muzeylərin təşkilinə göstərdiyi  diqqətin  nəticəsində   2006-ci ildən bəri bu sahədə 7 sərəncam  imzalamışdır. «Bu sırada Neft Muzeyi, Müasir İncəsənət Muzeyi, İdman və Olimpiya Hərəkatı Muzeyi barədə sərəncamları göstərmək olar. Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı» ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açır. Son  illər ərzində bir  çox  şəhər  və  rayon  muzeylərində,  o  cümlədən   Ağsu tarix-diyarşünaslıq muzeyində  bədii-tərtibat işləri aparılıb.
Tədbirdə çıxış  edən  Ağsu Tarix Diyarşünaslıq Muzeyinin  direktoru  Sevda  Dəmirova qeyd  etdi  ki, Ağsunun, habelə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərini, insanların həyat və məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin toplandığı və hər kəsin kifayət qədər bilgilər ala biləcəyi Ağsu Tarix Diyarşünaslıq Muzeyi son vaxtlar yeni-yeni eksponatlar hesabına zənginləşir.
Ağsu Tarix Diyarşünaslıq Muzeyi 1985-ci  ildən  fəaliyyət  göstərir. Hazırda muzeydə 6190 eksponat vardır və bunlar yaradılmış dörd - qədim dövrə, orta əsrlərə, 1992-ci ilədək və ondan sonrakı dövrə aid şöbələrdə nümayiş etdirilir.
Müasir dövrə aid məlumatlar, müxtəlif sənədlər muzeyin ikinci mərtəbəsində yerləşdirilmişdir. Burada müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, Ağsu rayonuna səfərlərini əks etdirən xüsusi stendlər qoyulmuşdur.
Tarix Diyarşünaslıq Muzeyinin orta əsrlərə aid şöbəsi son vaxtlar yeni eksponatlar, sənədlər hesabına daha da zənginləşir. 2010-cu ildən XVIII əsr Ağsu şəhər qalıqlarında (yerli sakinlər bu yeri “Xaraba şəhər” də adlandırırlar) aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində tapılan bir sıra maddi-mədəniyyət nümunələrinin muzeyə verilməsi orta əsr şöbəsini xeyli zənginləşdirmişdir.
Hazırda muzeyə gələnlərin sayı getdikcə artır. Xüsusilə məktəblilər, yeniyetmə və gənclər Azərbaycanın, eləcə də Ağsu rayonunun tarixi barədə geniş bilgilərə maraq göstərirlər.
   
                                       
 

Keçidlər