Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə rayonda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

13 fevral 2019 | 11:00

Fevralın 13-də keçirilən hesabat yığıncağında 2018-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
  Rayon rəhbərliyi, qonaqlar və fəallar əvvəlcə şəhərin mərkəzində Heydər Parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
  Hesabat yığıncağının keçirildiyi YAP rayon təşkilatının inzibati binasının foyesində bölgədə istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub. Qonaqlara istehsal sahələri və müəssisələri barədə məlumat verilib.
  Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Ötən il iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, qazanılan uğurlar diqqətə çatdırılıb, yol verilən nöqsanlar geniş təhlil olunub. Vurğulanıb ki, 2018-ci ildə rayonda tikinti-quruculuq və abadlıq işləri genişlənib, sənaye məhsullarının həcmi artıb. 2018-ci ildə 8,3 milyon manatlıq sənaye məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 25,8 faiz çoxdur. Ötən il Cənubi Qafqaz regionunda ən iri müəssisələrdən olan “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda şərabsüzmə sexi və saxlanma anbarının inşası başa çatdırılıb.
  Rayonun Ərəbsarvan kəndində ümumi ərazisi 1251 hektar olan “Ağsu Aqropark” yaradılıb. Aqroparkda 500 hektar sahədə pivot suvarma sistemi qurulub. Müasir maşın və avadanlıqlardan ibarət nəqliyyat və texnika parkı yaradılıb. Aqroparkda yem zavodu və toxum fabriki tikilib. Hazırda ətlik və südlük istiqamətli 2000 başlıq heyvandarlıq kompleksinin inşası davam etdirilir. İstifadəyə verildikdən sonra aqroparkda 200 nəfər işçi çalışacaq.
  Ağsu şəhərində küçələrə 6,5 kilometr asfalt örtük salınıb, iki ictimai yaşayış binasının dam örtüyü dəyişdirilib, mədəniyyət sarayı yenidən qurulub. Uşaq bağçasının, taxıl məhsullarının saxlanılması və yem istehsalı terminalının, Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisində son tamamlama işləri aparılır. Habelə, Bayraq kompleksinin və Gənclər informasiya mərkəzinin inşası, Dilman–Xatman-Hacman-Kalva-Suraxanı kəndlərini birləşdirən 15 kilometrlik avtomobil yolunun inşası davam etdirilir.
  Məruzə və çıxışlarda rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında görülən işlər geniş təhlil olunub. Heyvandarlıqda, barama istehsalında əvvəlki illə müqayisədə xeyli artım olduğu, Lakin, pambıq istehsalında mövcud imkanlardan heç də səmərəli istifadə edilmədiyi diqqətə çatdırılıb.
  Hesabat yığıncağında yol infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, su təchizatı ilə əlaqədar reallaşdırılan layihələrdən də danışılıb, təhsil və səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən, habelə görüləsi işlərdən bəhs olunub.
  Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov və Milli Məclisin deputatı Tahir Kərimli hesabat yığıncağında çıxış edib, qarşıda duran konkret vəzifələrdən danışıblar.
  Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər