Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar Faciəsinin 29-cu ildönümü qeyd edilib

20 yanvar 2019 | 11:00

Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya silahlı basqını, dinc, əliyalın insanların gülləbaran edilməsi, bu zaman hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan xalqının azadlıq ruhuna qarşı yönəldilən bir qəsd idi. İyirmi doqquz il əvvəl törədilən bu qəsd tariximizin qanla yazılan səhifələrindəndir. Həmin vaxt 147 nəfər mülki şəxs amansızlıqla öldürülüb, 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.
  Artıq hər bir azərbaycanlının şüuruna əbədi həkk olunan bu dəhşətli məlumatlar yanvarın 20-də səhər saatlarında Ağsu şəhərindəki Qəhrəmanlar parkına toplaşan minlərlə sakinin keçirdiyi anım mərasimində bir daha səsləndirilib.
  İzdihamlı mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev təcavüzün başvermə səbəblərindən və acı nəticələrindən danışıb, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  İcra başçısı diqqətə çatdırıb ki, o vaxt informasiya blokadasında olan Azərbaycanda baş verən qanlı faciəyə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib. SSRİ rəhbərliyinin min fitnə-fəsadı ilə siyasi səhnədən kənarlaşdırılan Ulu Öndər yanvarın 21-də özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, mətbuat konfransı keçirərək faciənin səbəblərini və təşkilatçılarının adlarını dünya ictimaiyyətinə açıqlayıb.
  Tədbirdə mədəniyyət işçilərinin ifasında qanlı faciəyə, Azərbaycana, Milli Ordumuza həsr edilən şeirlər səsləndirilib.
  Sonra tədbir iştirakçıları xatirə kompleksinə, daha sonra şəhid məzarlığına qərənfillər düzüb, Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Keçidlər