Ağsuda Əfqanıstan müharibəsinin bitməsinin 25-ci ildönümü qeyd edildi
Mayın 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin iclas zalında Əfqanıstan müharibəsinin bitməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi polkovnik-leytenant İlqar Əliyev, Əfqanıstan Veteranlar İctimai Birliyinin Ağsu rayon şöbəsinin sədri Ağacavad Cəfərov, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk öncə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi polkovnik-leytenant İlqar Əliyev Azərbaycan əsgərlərinin Əfqanıstanda, həmçinin Azərbaycanın Milli Ordusunun tərkibində, Qarabağda torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda döyüşlərdə böyük şücaət göstərdiklərini bildirdi.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva öz növbəsində ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan müharibəsi veteranlarına münasibətin kökündən dəyişdiyini, məhz bu tədbirin keçirilməsinin də dövlətimizin veteranlara diqqətinin təzahürü kimi səciyyələndirdi.
Daha sonra çıxış edən Əfqanıstan Veteranlar İctimai Birliyinin Ağsu rayon şöbəsinin sədri Ağacavad Cəfərov Əfqanıstan müharibəsində Azərbaycandan 208 nəfər həyatını itirdiyini, 7 nəfər itkin düşdüyünü, 400-dən çox insan əlil olduğunu diqqətə çatdıraraq onlara göstərilən diqqət və qayğıya görə veteranlar adından ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdi.
Tədbirin sonunda müharibədə iştirak edən və Ağsu rayonu ərazisində yaşayan bir qrup veterana “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı” təqdim edildi.