Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Şamil Ağasəf oğlu Ramazanovun anım günü keçirilib

18 yanvar 2019 | 11:00

Azərbaycanın Milli Qəhrəmanı Şamil Ramazanov 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. 1993-cü ildə X sinfi bitirib, 1994-cü ilin martında Milli Ordu sıralarına çağırılıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra hərbi hissəyə göndərilib. Çevikliyi, bacarığı ona əsgər və zabitlər arasında böyük hörmət qazandırıb. Tezliklə peşəkar bir döyüşçü kimi yetişib. 1995-ci il 13-17 mart hadisələri zamanı vətən borcunu yerinə yetirən gənc döyüşçü ağır yaralanıb və aldığı bu yaradan gözlərini əbədi yumub.
  Yanvarın 18-də Ağsu rayonunun Rəhimli kəndində Şamil Ramazanovun anım mərasimində şəhidin həyat yolu barədə danışılıb, onun göstərdiyi şücaətdən söz açılıb.
  Ağsaqqalların, ziyalıların, gənclərin qatıldığı mərasim iştirakçıları əvvəlcə kənd qəbiristanlığına gələrək Milli Qəhrəmanın məzarını ziyarət edib, üstünə çiçəklər düzüblər.
  Kənd klubunda təşkil olunan mərasimdə rayon icra hakimiyyətinin məsul işçisi Mirqubat Orucov, hərbi komissar Nizami Heydərov, polis şöbəsinin rəis müavini İlqar Haqverdiyev çıxış edərək Milli Qəhrəmanın qısa, lakin şərəfli həyat yolundan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə ölümündən sonra Şamil Ramazanova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
  Milli Qəhrəmanın anası Səmayə Ramazanova mərasimdə çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Keçidlər