Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ehtiramla yad olunub
Azərbaycan xalqının böyük oğlu Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə ehtiramla yad olunub.
Dekabrın 12-də səhər saatlarında rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, o cümlədən ziyalılar, ağsaqqallar və gənclər şəhərin mərkəzindəki Heydər Əliyevin adını daşıyan parka gələrək burada böyük öndərin abidəsini ziyarət edib, önünə qərənfillər düzüb, bu dahi şəxsiyyətə öz ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən toplantıda məktəblilər Ulu Öndərə, Azərbaycana həsr olunan şeirlər söyləyiblər. İştirakçılar dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” adlı sənədli filmə baxıblar.
Toplantını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açıb, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dünya durduqca yaşayacaq lider” mövzusunda məruzə edən YAP rayon təşkilatının sədri Əli Hüseynov və digər çıxışçılar böyük öndər Heydər Əliyevin öz Vətəni və xalqı qarşısındakı xidmətlərindən danışıblar. Vurğulanıb ki, müasir müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib.
Məruzə və çıxışlarda iftixarla söylənilib ki, bu gün Azərbaycan etibarlı əllərdədir, böyük öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.