Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda faşizm üzərində Qələbənin 69-cu ildönümü qeyd edilmişdir.

08 may 2014 | 10:00

Mayin  7-də  Ağsuda  Böyük Vətən müharibəsində (1941-1945) Qələbənin 69-cu ildönümü kütləvi tədbirlərlə qeyd olunmuşdur.
     O qanlı-qadalı illərin dəhşətlərini yaşamış və artıq sıraları seyrəlmiş müharibə əlilləri, veteranlar, rayon rəhbərləri, ziyalılar və gənclər əvvəlcə şəhərin mərkəzindəki Heydər parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuşlar.
     Rayon icra hakimiyyətində davam edən toplantıda qələbənin ildönümü münasibətilə təbriklər səsləndirilmiş, müharibənin acı nəticələri ilə bağlı məruzə və çıxışlar edilmiş, habelə xatirələr dinlənilmişdir. Qeyd olunmuşdur ki, bəşəriyyət bu gün də 61 dövlətdən 1,7 milyardadək insanın məruz qaldığı, 60 milyon nəfərin həlak olduğu İkinci Dünya müharibəsinin ağrılı nəticələrini yaşamaqdadır.
     Müharibə illərində cəbhəyə təkcə Ağsudan 3221 nəfərin getdiyini, onlardan da 1657 nəfərinin geri qayıtmadığı bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, geri dönən 1564 nəfərin da artıq sıraları tamamilə seyrəlmiş və hazırda onlardan cəmi 19 nəfəri həyatdadır.
     Toplantıda ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından da ətraflı danışılmışdır. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev hamımız üçün əziz olan veteranlara daim xüsusi diqqət göstərmişlər. Dövlətimizin başçısının qələbənin 69-cu ildönümü ərəfəsində imzaladığı üç Sərəncam da məhz bu diqqətin parlaq təcəssümüdür.
     Çıxış edən veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
     Tədbirin sonunda Böyük Vətən müharibəsi əlili və iştirakçılarının hər birinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.

 

Keçidlər