“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində rayon məktəbliləri Qubaya yola salınıb
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Ağsu rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 18-də Qubaya yola salınıb. Dörd gün davam edəcək səfər zamanı şagirdlər Azərbaycanın şimal bölgəsi olan Quba, Qusar və Xaçmaz rayonlarını gəzərək bu yerlərin tarixi və maddi-mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı barədə zəngin bilgilər əldə edəcəklər.
Tur aksiya iştirakçıları yola düşməzdən bir gün əvvəl rayon Icra hakimiyyətinin akt zalında Şura üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı qəbul edilib.
Heydər Parkında yolasalma mərasimində tur-aksiya iştirakçıları ümummilli liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın artıq beşinci ildir ki, təşkil olunduğunu, gözəl ənənə halını aldığını diqqətə çatdırıb. Məktəblilərə uğurlu yol, şən və mənalı istirahət arzulayan icra hakimiyyətinin başçısı onlara Azərbaycanın şimal rayonları barədə daha zəngin məlumatlar qazanmağı tövsiyə edib.
Çıxış edən valideynlər bu gözəl təşəbbüsə, övladlarının Azərbaycanı daha yaxından tanımaları, vətənpərvər ruhda tərbiyəsi, gözəl istirahəti üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra rayon musiqiçilərinin ifasında konsert olub. Milli rəqslərimizi ifa edən məktəblilər avtobusa əyləşərək Qubaya yola düşüblər.