Rayon İcra Hakimiyyətinin başçısı Hacısəmədli kəndindən olan vətəndaşları qəbul edib
Noyabrın 5-də rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Hacısəmədli kəndindən olan vətəndaşları qəbul edib.
Səyyar qəbulda kənd sakinləri sosial-iqtisadi inkişaf sahəsində ölkədə, həmçinin rayonda həyata keçirilən məqsədyönlü tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıq və razılıqlarını bildiriblər.
Görüşdə vətəndaşlar əsasən Qaraqoyunlu kəndi ilə Ağsu-Kürdəmir avtomobil yolunu, inzibati ərazi dairəsinə daxil olan Hacısəmədli və digər kəndləri birləşdirən yolun əsaslı təmirini, kənd tam orta məktəbi üçün akt, idman zalının tikintisini, kənd ərazisindəki yolların təmirini, mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılmasını və digər məsələlərin həllinə kömək göstərilməsini xahiş ediblər.
Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Qalib Əsgərov iştirak edib.