Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağsu rayonunda Bilik Evi fəaliyyətə başlayıb

30 oktyabr 2018 | 11:00

Oktyabrın 30-da rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində Bilik Evinin fəaliyyətə başlaması ilə bağlı görüş keçirilib.

  Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva açaraq, gələcəyin məhz bilikli insanlar tərəfindən qurulacağını, maarifçilərin bu yolda sərf etdikləri əməyin mütləq bəhrə verəcəyinə inandığını bildirib.
  Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə, gənclərin yeni dünyanın tələblərinə uyğun formalaşması istiqamətində maariflənməsinə ehtiyac var. Bu səbəbdən rayonda Bilik Evinin fəaliyyəti məqsədəuyğundur və yerli rəsmi qurumlar maarifləndirici layihələrin icrasında fonda dəstək olmağa hazırdırlar.
  Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fondun ölkə ərazisində həyata keçirdiyi layihələrdən danışaraq, Bilik evlərinin açılmasını bu yöndə atılan əhəmiyyətli addım kimi qiymətləndirib. Hazırda  Nardaran, İsmayıllı, Oğuz, Qax, Ağdaş, Şəmkir, Astara Bilik evlərinin, Qarabağ və Ağstafa Regional Bilik evlərinin fəaliyyət göstərdiyini xatırladan icraçı direktor növbəti maarif ocağının Ağsuda açılmasından məmnun olduğunu bildirib.
  Göstərilən diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirən icraçı direktor bilikli cəmiyyətin daim inkişafa meyilli olduğunu vurğulayıb, gənclərə sürətlə dəyişən dünyanın müasir çağırışlarına cavab verəcək səviyyədə hazırlıqlı olmağı tövsiyə edib.
  Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə çıxışında Bilik Fondu ilə gələcək əməkdaşlığın perspektivlərinə toxunub.
   Fondun nümayəndələri Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evi ilə tanış olub, zəruri avadanlıqlar verib və kitablar hədiyyə ediblər. Bilik Evində kitabxana fondunun yaradılması, elmi biliklərin müxtəlif sahələri üzrə mühazirələrin təşkili, tələbata uyğun təlim kursları və dərnəklərin açılması barədə ilkin fikir mübadiləsi aparılıb.
  Açılış mərasimində yerli ictimaiyyət nümayəndələri, rəsmi qurumların təmsilçiləri, təhsil işçiləri, jurnalistlər və fəal gənclər iştirak ediblər.


Keçidlər